Bu gün türk inqilabi poeziyasının banisi, şair, dramaturq, ssenarist, Beynəlxalq Sülh Mükafatı laureatı Nazim Hikmətin doğum günüdür.
Görkəmli şairin həyat və yaradıcılığına qısa nəzər salır.
XX əsr dünya ədəbiyyatının böyük şairlərindən olan Nazim Hikmət təkcə türk xalqının deyil, bütün Şərq xalqlarının poeziyasına misilsiz təsir göstərib, şeirdə yeni yollar açmış novator sənətkar, əsrin klassikidir.
Nazim Hikmət 1902-ci il yanvarın 15-də Saloniki şəhərində dünyaya göz açıb. O, 1918-ci ildə İstanbulda Hərbi Dənizçilik məktəbinə daxil olub. Həmvətənlərinin acınacaqlı həyatını kiçik yaşlarından hiss edərək Türkiyənin xarici müdaxiləçilər tərəfindən işğalı əleyhinə şeirlər yazdığı, inqilabi hərəkata qoşulduğu üçün 1919-cu ildə məktəbdən xaric edilib. Bütün yaradıcılığını xalqının azadlığı, xoşbəxt həyatı uğrunda mübarizəyə həsr etdiyi Vətənini, xalqını sevdiyinə görə şair iztirablı, tufanlı, qasırğalı bir həyat yolu keçib.
Şairin “Sərvlikdə” adlı ilk şeiri 1918-ci ildə “Yeni məcmuə” jurnalında dərc olunub. 1921-ci ildə Moskvaya gələrək Şərq Zəhmətkeşlərinin Kommunist Universitetində oxuyub. 1924-cü ildə Ankaraya qayıdıb və həbs edilib. Bir müddət sonra azadlığa çıxaraq qəzet və jurnalda çalışıb. 1925-ci ildə qiyabi olaraq 15 il həbsə məhkum edilən Nazim Hikmət 1927-ci ildə yenidən gizli yolla Moskvaya gəlib. Onun 1926-cı ildə yazdığı ilk poeması “Neft dünyasına səyahət” - Bakı neftçilərinə həsr olunub.
1928-ci ildə şairin ikinci Vətəni saydığı Azərbaycanda ilk kitabı - “Günəşi içənlərin türküsü” nəşr olunub. Nazimə həsr olunmuş ilk məqaləni də Bakıda dövrün görkəmli tənqidçisi Əli Nazim yazıb.