“Son vaxtlar Nikol Paşinyanın növbədənkənar seçkilərə getmək istədiyi barədə məlumatlar getdikcə daha aktiv şəkildə yayılır”.
Bu barədə Ermənistanın “Fakt” qəzeti yazıb:
Bildirilib ki, hakimiyyət bu xəbərləri təkzib etsə də, təcrübə göstərir ki, Nikol Paşinyan və komandası həmişə dediklərinin və vədlərinin tam əksini həyata keçirib.
Bir çox ekspertlər hesab edir ki, bu cür təkziblər sadəcə olaraq digər siyasi qüvvələr üçün gözlənilməzlik və sürpriz faktorunu sona qədər saxlamaq məqsədi daşıyır.
Belə bir ehtimalın – növbədənkənar seçkinin xarici güc mərkəzlərində, xüsusən də Qərbdə müzakirə olunduğu barədə məlumatlar var.
Diplomatik mənbələrin qəzetə bildirdiyinə görə, növbədənkənar seçki olacağı təqdirdə Paşinyanın başqa bir “dostu” ilə əvəzlənməsi məsələsi də müzakirə mövzusudur. Söhbət “üçüncü qüvvə”dən gedir.
Bəzi ekspertlər belə fikirdədirlər ki, bu qüvvənin açıq-aydın kənar dəstəyi olarsa, hakimiyyət dəyişikliyinə nail olmaq mümkündür.