Mərkəzi Seçki Komissiyası (MSK) və Medianın İnkişafı Agentliyinin (MEDİA) birgə təşkilatçılığı ilə yanvarın 12-də “Prezident seçkilərində medianın rol və vəzifələri” mövzusunda praktiki seminar keçirilib.
Media nümayəndələrinin prezident seçkilərində məlumatlılığının artırılması və fəaliyyətlərinin səmərəliliyinin daha da yüksəldilməsi məqsədilə təşkil olunan tədbirdə MSK və MEDİA rəsmiləri ilə yanaşı, 20 media subyektinin nümayəndələri iştirak edib.
Medianın İnkişafı Agentliyinin şöbə müdiri Natiq Məmmədli seçki prosesi ilə bağlı məlumatların ictimaiyyətə düzgün və effektiv çatdırılmasının vacibliyini vurğulayıb, bu məsuliyyətli işdə media subyektlərinin üzərinə böyük vəzifə düşdüyünü deyib. O, media nümayəndələri ilə məlumat mübadiləsinin aparılması və peşəkar media fəaliyyətinin təşkili ilə əlaqədar seminarın jurnalistlər üçün faydalı olacağını qeyd edib.