Bakı Şəhər İcra Hakimiyyəti bir müddət əvvəl açıqlayıb ki, bu il Azərbaycanda qış mövsümü sərt keçəcək. Bildirilib ki, hər bir quruma qarın təmizlənməsi üçün lazımi qədər alət, inventarın (bel, kürək, ling və s.) toplanması, duz ehtiyatı yaradılması, xüsusi texnikaların vəziyyətinin yoxlanılması ilə bağlı tapşırıqlar verilib. Rayondakı küçə və məhəllələrin qardan təmizlənməsinə cavabdeh şəxslərin siyahıları hazırlanıb, bu işlərə kommunal qurumların texnikası ilə yanaşı idarə, təşkilat, bələdiyyə və özəl qurumların da mövcud texnikalarının cəlb edilməsi qərara alınıb.
Bu gün səhər saatlarından etibarən Bakıda qar yağmağa başlayıb. Paytaxtımız ağ örpəyə bürünməsə də, insanlar qarı sevinclə qarşılayıb. Dövlət qurumları da hava şəraiti ilə bağlı xəbərdarlıq edib.
Bəs, paytaxt Bakı sərt qış mövsümünə hazırdırmı?
Bakı Şəhər İcra Hakimiyyətinin Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı departamentinin əməkdaşı Mübariz Hüseynov "Sputik"ə bildirib ki, hava şəraitinin dəyişməsi ilə əlaqədar İcra Hakimiyyətində qərərgah yaradılıb: "Bu qərərgah 24 saat fəaliyyət göstərir. Əgər paytaxtda qarın yağması intensivləşərsə, dərhal nəqliyyat vasitələri ilə yollara səpilməsi nəzərdə tutulan duz təyinat nöqtələrinə çatdırılacaq. 60-dan çox xüsusi nəqliyyat vasitələri hesab edilən qarkürüyən və duzsəpən nəqliyyat vasitələrimiz mövcuddur. 6 min tondan çox xam duz ehtiyatımız var".
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat katibi Anar Nəcəfli də qışa hazırlıq görüldüyünü bildirib. Qeyd edib ki, yol texnikası maşın və mexanizmlərin yanacaqla təmin edilməsi üçün lazımi qədər yanacaq- sürtgü materialları ehtiyatı toplanıb:
"Payız-qış mövsümünə hazırlıq. Yol qurğularının normal istismarını, hərəkətinin təhlükəsizliyinin və fasiləsizliyinin təmin edilməsi üçün AAYDA tərəfindən körpülərinin requlyasiyalarının və dağılmış hissələrinin bərpası işləri görülür. Yol nişanlarının və yol avadanlıqlarının, siqnal dirəklərinin texniki vəziyyətinə baxışın keçirilməsi, avtomobil yollaırnın cari təmiri, çiyinlərin bərkidilməsi, soyuducu borulara giriş-çıxış hissələrinin təmizlənməsi işləri davam etdirilir".
Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin şöbə müdiri Cahan Bilalova isə bildirib ki, hava şəraitinin dəyişməsi ilə əlaqədar çağırışların artacağını nəzərə alaraq təcili tibbi yardım briqadalarının xətə maksimum sayda çıxması nəzərdə tutulur. Bütün bölmələr müvafiq sərfiyyat və ləvazimatlarla təchiz olunub:
"Hazırda bütün avtomobillərdə istilik qaydasındadır. Avtomobillərdə qış rejiminə uyğun xüsusi şinlərdən istifadə ediləcək. Yollar buzlu olduqda Yasamal, Əhmədli kimi dağlıq ərazilərdə yerləşən bölmələrdə dörd diferli avtomobillərin xəttə buraxılması nəzərdə tutulub".
"Azərişıq" ASC-nin İdarə rəisi Vaqif Mustafayevin sözlərinə görə, havanın soyması ilə əlaqədar yarımstansiyaların, paylayıcı qurğuların, kabel və hava elektrik verilişi xətlərinin qış mövsümünə uyğun rejimdə fəaliyyəti üçün işlər davam etdirilir. "Azərenerji" ASC-nin mətbuat katibi Teymur Abdullayev deyib ki, qurum fəaliyyətini soyuq günlərdə sistemli və bir qədər gücləndirilmiş formada həyata keçirəcək: "İstehlakçıların fasiləsiz elektrik enerjisi ilə təmin edilməsi üçün elektrik stansiyaları və sistem əhəmiyyətli yarımstansiyalara birbaşa məsul şəxslər təyin edilir. Yüksəkgərginlikli ötürmə xətləri təkrar yoxlanılır".