Mərkəzi Seçki Komissiyası (MSK) prezident seçkilərində iştirak etmək üçün müraciət edən 7 nəfərin namizədliyini qeydə alıb. Beləliklə seçilərdə Prezident İlham Əliyev, deputatlar Zahid Oruc, Fazil Mustafa, Qüdrət Həsənquliyev, Razi Nurullayev, Böyük Azərbaycan Partiyasının prezidentliyə namizədi Elşad Musayev və Fuad Əliyev namizəd kimi iştirak edəcək.
Namizədliyinin irəli sürülməsi təsdiqlənən 10 nəfər isə imza vərəqələrini geri qaytarmayıb.
Bəs namizədliyi qeydə alınmayanlar növbədənkənar prezident seçkilərində kimi dəstəkləyəcək?
Modern.az məsələ ilə bağlı namizədliyi qeydə alınmayan şəxslər arasında sorğu keçirib.
Namizədliyi qeydə alınmayan sabiq maliyyə naziri Fikrət Yusifov növbədənkənar seçkilərdə İlham Əliyevi dəstəkləyəcəyini söyləyib:
“Çünki İlham Əliyevin bu günə qədər gördüyü işlər çox böyük və əhəmiyyətlidir. Onun ölkəyə rəhbərliyi dövründə iqtisadiyyatın 4 dəfə böyüməsi və Qarabağ kimi yaralı problemin həlli hər kəsə çox mətləbləri aydın etməlidir. İndi məndən “onda siz namizədliyinizi niyə verirdiniz?” deyə soruşula bilər. Mən namizədliyimi ilk növbədə cəmiyyətə demokratik mühitin və seçki azadlığının mövcudluğunun oldiğunu sübut etmək üçün irəli sürdüm. Bu addımımla göstərdim ki, istənilən şəxs MSK-nın qapısını döyüb sənədini təqdim edə və seçkilərə qatıla bilər. Bunlardan biri də mən oldum. Seçkiyə getməyə əsasım isə budur ki, məni cəmiyyət tanıyır, müstəqilliyimizin ilk illərində iqtisadi islahatların aparılmasında, büdcə, bank, vergi, gömrük və xəzinə sistemlərinin qurulmasında müstəsna xidmətlərim olub və bu gün də ölkənin iqtisadiyyatının və maliyyə sisteminin bütün problemlərinin həlli yollarını yaxşı bilirəm. Son 10 ildə ölkə mətbuatında 5000-dən çox analitik-təhlil yazılarım, açıqlamalarım dərc olunub, onlarla təkliflərim müvafiq hüquqi aktlarda öz əksini tapıb.
F.Yusifov digər məqsədinin öz iqtisadi və maliyyə proqramı üçün platforma kimi seçki kampaniyasından istifadə etmək olduğunu qeyd edib:
“Bu proqramda nələr olduğunu zaman-zaman açıqlayacam. Hamı görəcək ki, seçkiyə əli boş getməmişəm. Bu günə qədər maliyyə sistemi, bank, vergi sistemi və sahibkarlar üçün edilənlərdən daha artığını etmək istəyirdim”.
Namizədliyi qeydə alınmayan Abutalıb Səmədov da İlham Əliyevə səs verəcəyini vurğulayıb:
“Mən 30 ildir bu hakimiyyəti dəstəkləyirəm. Bu hökumətdə təmsil olunmuşam. Mənim kimi dəstəkləyəcəyim şübhə doğurmamalıdır. Əlbəttə İlham Əliyevi dəstəkləyəcəm. O, tariximizin ən böyük qələbələrini Azərbaycana gətirdi. Bundan sonra da işləri davam etdirməlidir. Biz hamımız da ona dəstək veririk”.
Namizədliyi qeydə alınmayan Əvəz Temirxan isə heç kəsi dəstəkləməyəcəyini söyləyib:
“Mənim siyasi kursum o qədər böyükdür ki, onu məndən və müəllimim Lalə Şövkət xatundan başqa heç kəs icra edə bilməz. Bizim ilk növbədə məqsədimiz yoxsulluğu, işsizliyi aradan qaldırmaqdır”.