Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

İqtisadiyyatımızı 2024-cü ildə nə gözləyir? - İnflyasiya, qiymətlər...

İqtisadiyyatımızı 2024-cü ildə nə gözləyir? - İnflyasiya, qiymətlər...


2023-cü ili geridə qoyduq. Azərbaycan iqtisadiyyatı ötən il pandemiyanın ağır nəticələrindən xilas olmağa çalışıb. Üç il əvvəl başlayan koronavirus pandemiyası qlobal iqtisadiyyata ciddi problemlər yaşatdı. Ekspertlərin çoxu 2023-cü ildə dünya iqtisadiyyatının pandemiyanın yaratdığı problemlərdən birdəfəlik yaxa qurtaracağını güman edirdi. Ancaq bir çox ölkə üçün bu, belə olmayıb.

 Geridə qoyduğumuz il Azərbaycanda işğaldan azad olunmuş ərazilərimizin iqtisadiyyata inteqrasiyası daha da genişlənib, qeyri-neft sekorunda böyük artımlar qeydə alınıb.

 Bəs, ekspertlər necə düşünür, 2023-cü il Azərbaycan iqtisadiyyatı üçün necə keçdi?

 İqtisadçı ekspert Natiq Cəfərli bildirib ki, 2024-cü il Azərbaycanın iqtisadi və sosial sahədə heç də asan il olmayacaq:

 "Çünki 2023-cü ildə Azərbaycanda iqtisadi artım templəri xeyli dərəcədə zəiflədi. Ümumdaxili məhsulun artımı 0,8 faiz oldu. Əsas məsələ iqtisadi artım tempinin yüksəldilməsi istiqamətində təşviq proqramlarının olmasıdır. Təəssüf ki, hələlik bununla bağlı ipucları görmürük. Təşviq proqramları iqtisadi canlanma üçün dünyanın hər yerində gömrük və vergi rüsumlarının azaldılması və yüksək həcmli kreditləşmə yolu ilə baş verir. Yəni kreditlər ucuzlaşır, vergilər azaldılır və iqtisadiyyat təşviq edilir. Bununla bağlı açıqlamalar yoxdur".

N.Cəfərli neft qiymətləri ilə əlaqədar da iqtisadi azalma ola biləcəyindən danışıb:

 "Azərbaycan üçün digər çağırış isə bizdə neft hasilatı azalır. Neftin qiymətində də azalmalar müşahidə olunur. ABŞ-da prezident seçkiləri olacaq. Demokratlar neft qiymətlərinin ucuz olmasına çalışacaqlar ki, benzin də ucuz olsun. Beləliklə də, Baydenin seçilmək imkanı olsun. Bu il neft qiymətlərində ucuzlaşmalar görə bilərik. Bu da ölkənin gəlirlərinin azalmasına səbəb ola bilər".

 İqtisadçı ekspert Pərviz Heydərov isə söyləyib ki, inflyasiya azala bilər:

 "2023-cü ilin yanvar-noyabr ayları ərzində istehlak qiymətləri indeksi 2022-ci ilin eyni dövrü ilə müqayisədə 9,4%-ə (yəni birrəqəmli həddə) ensə də, ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə müvafiq rəqəm yenə ikirəqəmli (10,4%) qalırdı. Bu da bir daha onu göstərir ki, idxalın təsir və təzyiqi güclüdür.

 Mərkəzi Bankın (AMB) 2024-cü ildə ölkədə illik inflyasiya gözləntisi 5-5,5% civarındadır. Bu barədə AMB-in 2024-cü il üçün pul siyasətinin əsas istiqamətləri barədə Bəyanatında bildirilib. Qeyd olunub ki, xarici amillərin səngiməsi və hökumətlə birlikdə həyata keçirilən antiinflyasiya tədbirləri ortamüddətli dövrdə nəzərdə tutulan hədəfin özünü doğruldacağına yardım edəcək.

 Şəxsi yanaşmam isə bundan ibarətdir ki, nəinki 2024-cü il, hətta növbəti 2-3 il ərzində də inflyasiyanın səviyyəsini qlobal bazarlardakı vəziyyət müəyyən edəcək və qlobal məkanda ciddi siyasi-hərbi hadisə baş verməsə, yəni böhran yaranmasa, enerjidaşıyıcıları üzrə qiymətlərdə “vulkan” püskürməsə, hər şey AMB-nin dediyi kimi olacaq. Əks halda, inflyasiyanın birrəqəmli, yoxsa ikirəqəmli olacağını birmənalı olaraq iddia etmək mümkün deyil.



Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də