"Bir neçə gündür ki, internet üzərindən yayım göstərən qanunsuz, yəni lisenziya almayan televiziya xidmətləri ilə bağlı yazılara rast gəlirəm. Hiss olunur ki, bu tip yazılar bir mənbədəndir və məqsədyönlüdür. Güman ki, söhbət "Netflix", "Megogo", "Oll.tv", "İlook TV", "Vimeo" və s. bu kimi video xidmət platformalardan gedir".
Bu barədə İKT üzrə ekspert Osman Gündüz sosial şəbəkə hesabında yazıb.
Ekspert qeyd edib ki, açıqlamalarda onların reklam bazarımıza sahib çıxması, vergi ödəyicisi olmaması kimi iddialar səsləndirilir:
"Rayonlarda keyfiyyətli internet istifadəçiləri artdıqca internet üzərindən bu tip TV xidmət alanların da sayı kəskin artır. Ümumiyyətlə, hazırda ölkəmizdə qanunsuz yayımlanan video xidmətlərin, xarici İP və OTT platformların istifadəçilərinin sayının 300 mindən artıq olduğu bildirilir.
Düşünmək olar ki, gələn ildən onların bəzilərinin ölkəmizdə qapadılması gündəmə gələcək. Yaxud da bu video xidmət platformaları Azərbaycanda yayım üçün lisenziya almalı olacaq.
Əlbəttə, bu tip platformalar içərisində 1-2 manat abunəhaqqı alıb televiziya xidməti göstərənlər də var. Hansı ki, qapadılma ilə bağlı nəinki iqtisadi əsaslar, hətta milli maraqlarımıza zidd olan məqamlar da tapmaq mümkündür. İnformasiya təhlükəsizliyimiz üçün təhdid yaradan kanallar da var. Rusiyanın da belə resursları çoxdur. Amma burada elə platformalar var ki, ciddi araşdırma aparmadan, ciddi əsaslar olmadan onların qapadılmasının belə gündəmə gətirilməsi doğru olmazdı. Ümid edirəm aidiyyatı qurumlar, RİNN, Audiovizual Şura bu istiqamətdə maraqlı tərəfləri cəlb etməklə ictimai müzakirələr təşkil edəcək".