Avstraliyanın Kvinslend ştatında baş verən fırtına səbəbindən 130 mindən çox evin elektrik enerjisi kəsilib.
Bu barədə ştatın hökumət başçısı Stiven Maylz özünün sosial media hesabında yazıb.
“Hazırda 130 mindən çox ev və müəssisə işıqsız qalıb. Qəza briqadaları elektrik enerjisini bərpa etmək üçün çalışmaları davam etdirir”, - deyə Stiven Maylz bildirib.
Qeyd edək ki, gecə saatlarında dolu və yağışla müşayiət olunan qasırğa Kvinslend ştatını vurub. Avstraliya Meteorologiya Bürosunun məlumatına görə, küləyin sürəti saniyədə 30 metrə çatıb. Güclü külək yüzlərlə evə zərər vurub, bir qadın aşan ağacın altında qalaraq ölüb.