"Son günlər manatın ucuzlaşması ilə bağlı mətbuatda və sosial şəbəkələrdə gedən əsassız xəbərlərin fonunda formalaşan gözlənti nağd valyuta bazarında müəyyən tələbi şərtləndirib".
Bu gün Mərkəzi Bankda Dövlət Neft Fondunun da iştirakı ilə valyuta hərracı keçirilib. Hərracda tələb 142,2 mln. ABŞ dolları təşkil edib və tam təmin edilib.
RegionTV.info xəbər verir ki, Mərkəzi Bankdan məlumat verilib ki, hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşıb.
Mərkəzi Bankın yaydığı məlumatda deyilir ki, son günlər manatın ucuzlaşması ilə bağlı mətbuatda və sosial şəbəkələrdə gedən əsassız xəbərlərin fonunda formalaşan gözlənti nağd valyuta bazarında müəyyən tələbi şərtləndirib. Bu da valyuta hərracında tələbin nisbətən artmasına təsir edib. Lakin, neftin qiymətinin ötən illə müqayisədə artdığını, OPEC+ son toplantısında neft hasilatı ilə bağlı müsbət qərarların qəbul olunduğunu, bütün dünyada artıq COVID-19 virusuna qarşı vaksinasiya proqramlarının başlandığını və Dövlət Neft Fondunun əhəmiyyətli məbləğdə transfertlərini nəzərə alaraq qeyd edirik ki, manatın ucuzlaşması ilə bağlı iddialar əsassızdır. Bu baxımdan hesab edirik ki, nağd valyuta ilə bağlı artan tələb müvəqqəti xarakter daşıyır və qısa zamanda səngiyəcək.
Eyni zamanda, son günlər bəzi internet səhifələrində guya bankların qeyri-nağd ABŞ dolları satışlarında problem olduğunu və bunun valyuta hərracları ilə bağlı olduğunu iddia edən fikirlər də əsassızdır. Bildiririk ki, Mərkəzi Bank tərəfindən valyuta hərracları həftədə 2 dəfə (çərşənbə axşamı və cümə axşamı) keçirilir və bu hərraclarda bankların həm nağd, həm də qeyri-nağd valyuta üzrə tələbləri tam təmin edilir.
Bir daha vurğulamaq istərdik ki, 2017-ci ildən başlayaraq artıq 4 il ərzində milli valyutanın məzənnəsi sabitdir və cari ildə də Mərkəzi Bank tərəfindən valyuta bazarında stabilliyin tәmin edilməsi diqqət mərkəzində saxlanılacaq.
Xəbəri paylaş