Ötən gecə Çexiyanın paytaxtı Praqada tələbə olduğu universitetdə terror törədən və onlarla insanı avtomat silahla qətlə yetirən David Kozakın bir həftə əvvəl də qətl törətdiyi üzə çıxıb.
Avropa dünən Çexiyanın paytaxtı Praqada Karl Universitetində baş verən qətliamdan şokunu yaşayır.
Dünən 24 yaşlı David Kozak şəhərin mərkəzində yerləşən universitetin eyvanından avtomat silahdan yoldan keçənlərə atəş açıb. Hücum nəticəsində 15 nəfər həyatını itirib, rəsmi məlumatlara görə, 25 nəfər yaralanıb.
Polisin müdaxiləsi ilə ölü olaraq ələ keçirilən Kozakla bağlı yeni məlumatlar gəlməyə başlayıb.
Kozakın hücumdan saatlar əvvəl Praqa yaxınlığındakı kənddə atasını öldürdüyü məlum olub. Kozakın atasının cansız cəsədinin tapıldığı açıqlanıb.
Digər tərəfdən, Çexiya polisi hücumçunun ötən həftə paytaxt yaxınlığındakı meşəlik ərazidə baş verən qətl hadisəsi ilə əlaqəsinin olduğunu açıqlayıb. Bu hücumun arxasında Kozakın olduğu təxmin edildiyi qeyd edilib.
Praqa yaxınlığındakı Klanovitsedə baş verən insident zamanı 32 yaşlı ata və onun 2 yaşlı qızı həlak olub. Hadisədən sonra yüzlərlə polis əməkdaşı meşəlik ərazini araşdıraraq hücumçunu yaxalaya bilməyiblər. Səlahiyyətlilər iki hadisənin əlaqəli olması ehtimalını nəzərdən keçirməyə başlayıb.
Digər tərəfdən, Kozakın yanında çoxlu silah və sursat olduğu da açıqlanıb. Çexiyanın daxili işlər naziri, “Polis vaxtında binaya daxil olmasaydı, hücum edən şəxs damda öldürülməzdi və daha çox qurbanlar olardı” deyib.
Kozakın Telegram mesajlaşma platformasında rus dilində gündəlik yazdığı da qeydə alınıb. Yerli mətbuatda yer alan xəbərlərə görə, Kozak mesajında ”Bir gün məktəbə silahla basqın etmək və yəqin ki, intihar etmək istəyirəm” yazıb.
Çexiya tarixinin ən qanlı hücumu olaraq qeydə alınan hücumdan əvvəl Kozakın yazdığı mesajlar da yayımlanıb. Kozak mesajların birində “Məktəbə hücum edib intihar etmək istəyirəm. Alina Afanaskina mənə çox kömək etdi” deyib. Kozakın adını çəkdiyi Afanaskina bu ayın əvvəlində Rusiyada məktəbə silahlı hücum edən 14 yaşlı şagird olub.