Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Əli Əsədov Türkiyənin vitse-prezidenti ilə görüşdü - FOTO

Əli Əsədov Türkiyənin vitse-prezidenti ilə görüşdü - FOTO



Azərbaycanın Baş naziri Əli Əsədov dekabrın 20-də ölkəmizdə rəsmi səfərdə olan Türkiyənin vitse-prezidenti Cevdet Yılmazla görüşüb.

 Nazirlər Kabinetindən bildirilib ki, görüşdə Türkiyənin vitse-prezidentinin rəsmi səfərinin iki ölkə arasında mehriban qonşuluq və qardaşlıq münasibətlərinin daha da möhkəmləndirilməsi baxımından əhəmiyyəti qeyd edilib.

 Azərbaycan-Türkiyə strateji tərəfdaşlığının və müttəfiqliyinin hərtərəfli inkişafında prezidentlər İlham Əliyevin və Rəcəb Tayyib Ərdoğanın səyləri xüsusi vurğulanıb.

 Azərbaycan və Türkiyənin hər zaman bir-birini dəstəklədiyi məmnunluqla qeyd edilib.

 Xüsusilə 44 günlük Vətən müharibəsi zamanı göstərilən siyasi-mənəvi dəstəyə görə qardaş türk xalqına və rəhbərliyinə bir daha dərin təşəkkür ifadə olunub. Azərbaycanın da hər zaman Türkiyənin yanında olduğu bildirilib.

Azərbaycan-Türkiyə sarsılmaz qardaşlığının Kahramanmaraşda baş vermiş dəhşətli zəlzələ zamanı da özünü göstərdiyi qeyd olunub. Bildirilib ki, bu gün Azərbaycan dağıdıcı zəlzələdən sonra bərpa-quruculuq işlərində də Türkiyənin yanındadır. Azərbaycan Türkiyədə zəlzələdən zərər çəkən bölgələrin yenidənqurulmasına yardım üçün 100 milyon ABŞ dolları məbləğində vəsait ayırıb.

 İqtisadi-ticari əməkdaşlığın çox yüksək dinamikaya malik olduğu məmnunluqla vurğulanıb. Ötən il qarşılıqlı ticarətin həcmi 6 milyard ABŞ dollarına yaxın olub ki, bu da 25% artım deməkdir. Cari ilin 11 ayında bu artım daha böyük temp nümayiş etdirir – 33%.

 

Preferensial Ticarət Sazişinin ticarət dövriyyəsinin genişləndirilməsinə mühüm töhfə verəcəyi diqqətə çatdırılıb.
Mövcud olan geniş imkanlardan istifadə edilərək ticarətin həcminin daha da artırılacağına, iqtisadi əməkdaşlığın əhatə dairəsinin genişləndiriləcəyinə əminlik ifadə olunub.

 

Bu baxımdan, Azərbaycan-Türkiyə Strateji Əməkdaşlıq Şurasının, həmçinin Birgə Hökumətlərarası Komissiyanın iclaslarında qəbul edilən qərarların icrasının mühüm əhəmiyyət kəsb etdiyi vurğulanıb. Komissiyanın ötən ilin noyabr ayında Bakıda keçirilmiş son iclası zamanı imzalanmış Fəaliyyət Planının böyük hissəsi hökumətlərimizin birgə səyləri nəticəsində icra edilib.


Tərəflər Hökumətlərarası Komissiya çərçivəsində yaxından işləməyə hazır olduqlarını ifadə ediblər.
İnvestisiya sahəsində əməkdaşlığın yüksək dinamikası təqdir edilərək Azərbaycanın Türkiyədə, Türkiyənin isə Azərbaycanda ən böyük sərmayədarlardan biri olduğu məmnunluqla qeyd edilib.

 

Azərbaycanla Türkiyənin birgə reallaşdırdığı Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, TANAP, Bakı-Tbilisi-Qars kimi enerji və nəqliyyat layihələrinin mühüm regional və qlobal əhəmiyyət daşıdığı vurğulanıb.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də