Vaxtilə müxtəlif nazirliklərdə və digər dövlət qurumlarında yüksək vəzifələr tutmuş, həmçinin Milli Məclisdə deputat olmuş bəzi məşhur sabiqlər bu gün ayrı-ayrı ali təhsil və elm ocaqlarında fəaliyyət göstərirlər.
Ali məktəblərdə dərs deyən, elm ocaqalrında çalışanm bəzi məşhur sabiqlərlə bağlı araşdırma aparılıb.
Bakının Səbail və Binəqədi rayonlarının sabiq polis rəisi Nazim Nağıyev köhnə jurnalistlərə yaxşı tanışdır. Vaxtilə icazəsiz aksiyaların ən çox keçirildiyi Səbail rayonunda bu cür tədbirlərin qarşısının alınmasında polis polkovniki Nazim Nağıyevin xüsusi xidmətləri vardı.
Bu səbəbdən də onun adı bir zamanlar medianın daim gündəmində olduğundan N.Nağıyev yetərincə məşhurlaşmışdı. Nazim Nağıyev hakim Yeni Azərbaycan Partiyasının qurucularından olan, vaxtilə bu təşkilatın sədr müavini postunu tutmuş keçmiş əmək və əhalinin sosial müdafiəsi naziri, Azərbaycanın Belarusdakı sabiq səfiri Əli Nağıyevin qardaşıdır.
İstefada olan polis polkovniki Nazim Nağıyev 2008-ci ildən Milli Aviasiya Akademiyasının Aviasiya təhlükəsizliyi kafedrasına rəhbərlik edir. Hüquq üzrə fəlsəfə doktoru, dosent Nazim Nağıyeb həm də Akademiyanın Nəqliyyat texnologiyaları fakültəsinin dekanı vəzifəsini icra edir.
“Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) keçmiş sədri Cahangir Əsgərovun bu şirkətdəki 27 illik karyerasına sentyabrın 1-də son qoyuldu. O, ölkə başçısının sərəncamı ilə tutuduğu vəzifədən azad edilib.
AZAL-dakı vəzifəsini itirən Cahangir Əsgərovun ali təhsil ocağında dərs dediyini yəqin ki çoxları bilmir.
AZAL-ın sabiq rəhbəri hazırda Milli Aviasiya Akademiyasında Nəqliyyat texnologiyaları fakültəsinin Avianəqliyyat istehsalatı kafedrasının müdiri vəzifəsini tutur. Kafedra müdiri vəzifəsində çalışan Cahangir Əsgərov texnika elmləri namizədi olaraq Milli Aviasiya Akademiyasının dosentidir.
Köhnə jurnalistlər Təhsil Nazirliyinin sabiq Aparat rəhbəri İlham Pirməmmədovu da yaxşı xatırlayarlar. O, uzun illər nazirliyin əsas simalarından biri olub.
Riyaziyyat üzrə elmlər doktoru, Əməkdar müəllim İlham Pirməmmədov hazırda Azərbaycan Texniki Universiteti rektorunun müşaviri və.zifəsində çalışır.
Bakı Metropoliteninin sabiq rəisi Tağı Əhmədovun da əlavə təqdimata ehtiyacı yoxdur. Vaxtilə medianın gündəmindən düşməyən Tağı müəllim hazırda səhhətindəki problemlərlə çarpışır. Eks-rəis həm də ali məktəbdə - Azərbaycan Memarlıq və İnşaat Universitetində kafedra müdiri vəzifəsini tutur. Belə ki, texnika elmləri namizədi, dosent Tağı Əhmədov universitetin Nəqliyyat fakültəsində Nəqliyyat və logistika kafedrasının müdiridir. Memarlıq və İnşaat Universitetinin saytında qeyd olunanlara inansaq, Tağı Əhmədov hazırda üz fəndən dərs deyir: 1. Tunellər və metropolitenlər; 2. Avtomobil yolları; 3. Nəqliyyat yollarında körpü və qurğular.
Sabiq kənd təsərrüfatı naziri, iqtisad elmləri namizədi Heydər Əsədov hazırda ali təhsil ocağına rəhbərlik edir. Eks-nazir 3 aprel, 2019-cu il tarixində Azərbaycan Dövlət Dəniz Akademiyasının rektoru vəzifəsinə təyin olunub.
Keçmiş maliyyə naziri Əvəz Ələkbərov Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) dərs deyir. O, UNEC-də Maliyyə və audit kafedrasının müdiridir. İqtisad elmləri doktoru, professor Əvəz Ələkbərov mütəmadi olaraq mediada da iqtisadi məsələlərə münasibət bildirir.
Yəqin bəziləri elə bilir ki, sabiq deputat Abel Məhərrəmov Bakı Dövlət Universitetinin (BDU) rektoru vəzifəsindən çıxarılandan sonra təqaüdlə dolanır. Amma belə deyil. Akademik Abel Məhərrəmov hazırda Bakı Dövlət Universitetinin Üzvi kimya kafedrasının müdiridir.
2000-ci ildən 2015-ci ilə qədər Azərbaycan Milli Məclisinin (II, III və IV çağırış) deputatı olmuş, parlamentin İnsan hüquqları komitəsinə rəhbərlik etmiş Rəbiyyət Aslanova da hazırda təhsil sahəsində çalışır. Fəlsəfə elmləri doktoru, professor Rəbiyyət Aslanova Bakıd Dövlət Universitetinin Fəlsəfə tarixi və mədəniyyətşünaslıq kafedrasının müdiridir.
Daha bir sabiq nazir Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) çalışır. Texnika elmləri doktoru Əli Abbasov yaddaşlarda sabiq rabitə və yüksək texnologiyalar naziri kimi qalıb. Akademik Əli Ababsov hazırda UNEC-də Rəqəmsal texnologiyalar və tətbiqi informatika kafedrasının müdiridir.
Uzun illər Azərbaycanın təhsil naziri işləmiş Misir Mərdanov hazırda AMEA Riyaziyyat və Mexanika İnstitutunun direktorudur. Fizika-riyaziyyat elmləri doktoru, professor Misir Mərdanov sosial şəbəkələrdə də aktivdir və vaxtaşırı mətbuatda müxtəlif yazılrala çıxış edir.