Bakı Slavyan Universitetinin nəzdində fəaliyyət göstərən məktəb-lisey kompleksində qızılca xəstəliyinin aşkarlanması barədə xəbərlər yayılıb.
Qızılcaya görə məktəbin bağlandığı bildirilir.
Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi məktəbin bağlanması barədə məlumatı təkzib edib. “Bakı Slavyan Universitetinin nəzdində fəaliyyət göstərən məktəb-lisey kompleksində qızılca xəstəliyi ilə bağlı sinfin distant təhsilə keçməsi xəbəri doğru deyil”, - açıqlamada deyilir.
Məktəbin direktoru İlahə Carçıyeva "Sputnik"ə bildirib ki, liseyin V sinif şagirdi Ağazadə Valid Ramil oğlunun qızılcaya yoluxduğu barədə valideyni tərəfindən məlumat verilib. Amma məktəbə Nəsimi Rayon Gigiyena və Epidemiologiya Mərkəzindən rəsmi məlumat daxil olmadığından, sinfin distant təhsilə keçməsi barədə qərar qəbul edilməyib.
"Valideynlər narahat olduğundan, bizə bildiriblər ki, uşaqlarını məktəbə göndərməyəcəklər. Amma sinfi bağlamaq üçün rayon GEM-indən rəsmi məktub daxil olmalıdır. V sinif ikinci növbədə təhsil aldığı üçün hələ dərsləri başlamayıb. Biz GEM-dən cavab gözləyirik. Əgər məktubla yoluxma təsdiqlənsə, sinif 14 günlük distant təhsilə keçəcək", - deyə İ.Carçıyeva bildirib.
Qeyd edək ki, son günlər şagirdlər və tələbələr arasında qızılcaya yoluxma artıb.
Bir neçə gün əvvəl şagirdlər arasında qızılca xəstəliyinin aşkar olunması səbəbindən Qaradağ rayonu Gigiyena və Epidemiologiya Mərkəzinin qərarı əsasında 195 nömrəli tam orta məktəbin ibtidai siniflərində dərslər 14 gün müddətinə distant formada keçiriləcək.
Xatırladaq ki, Azərbaycanda orta və yaşlı əhalinin qızılcaya qarşı vaksinasiya olunması nəzərdə tutulur.