Ötən gün Bakıda şagird qızılca xəstəliyindən vəfat edib.
Bu barədə məktəbin direktoru Laçın Hüseynli sosial şəbəkə hesabında məlumat yayıb.
O bildirib ki, 195 saylı tam orta məktəbdə qızılcaya yoluxan bir şagird dünyasını dəyişib:
“Artıq bir övladımızı qızılca xəstəliyinə görə itirdik. Çox təəssüf Allah valideynlərinə səbir versin. Ölkədə tibb sahəsində kadr çatışmamazlığı varmı? Artıq iki ildir ki, məktəb üçün tibb bacısı tələb edirik. Üç növbəli məktəbin bir həkimi yoxdur. Son beş gündə 200-dən çox yoluxma var”.
Hər bir məktəbdə həkim otağı olmalı və daimi olaraq orada həkimlər uşaqlara nəzarət etməlidir.
Maraqlıdır, 195 saylı tam orta məktəbdə niyə həkim kollektivi olmayıb?
Sözügedən məktəbdəki məsələ ilə bağlı Elm və Təhsil Nazirliyindən Cebhe.info-nun sorğusuna cavab olaraq təhsil müəssisələrinə təyin edilmiş tibb bacısı və ya həkimin işinə müvafiq poliklinikalar tərəfindən nəzarət edildiyi bildirilib:
"Bakı şəhəri 195 nömrəli tam orta məktəbin rəhbərliyindən alınmış məlumata əsasən, məktəb rəhbərliyi tərəfindən 12.10.2023-cü il, 13.10.2023-cü il tarixlərində Bakı şəhəri Qaradağ rayonu 17 saylı Birləşmiş Şəhər Xəstəxanasının rəhbərliyinə qeyd olunan məktəbdə şagirdlərin dispanserizasiyasının aparılması və eyni zamanda məktəbə tibb işçisinin təyin olunması barədə məktub ünvanlanmışdır. Lakin məktəb tibb işçiləri ilə təmin edilməmişdir. Məktəblərdə tibbi xidmət işi yerli poliklinikalar tərəfindən təyin edilmiş tibb bacısı və ya həkim tərəfindən həyata keçirilir".
Ləman İsmayıl
Cebhe.info