Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Xankəndi İnstitutunun keçmiş rektoru: “Qarabağ Universitetində həvəslə işləyərəm”

Xankəndi İnstitutunun keçmiş rektoru: “Qarabağ Universitetində həvəslə işləyərəm”


Prezident İlham Əliyevin sərəncamı ilə Xankəndidə Qarabağ Universiteti yaradılacaq.

Azərbaycanın təhsil ictimaiyyəti Qarabağda dövlət universitetinin yaradılmasını alqışlayıb. Bu, ölkə üçün çox böyük hadisə hesab olunur.

Qarabağ regionunda ali təhsil ənənəsi tarixən mövcud olub. Burada ilk ali təhsil ocağı 1969-cu ildə Azərbaycan Pedaqoji İnstitutunun filialı kimi qurulub. 1973-cü ildən isə Xankəndi Pedaqoji İnstitutu müstəqil ali təhsil müəssisəsi kimi fəaliyyət göstərib, ərazilərimizin işğalı dövründə isə fəaliyyətini dayandırıb.

İşğala qədərki dövrdə institutda Azərbaycan və erməni sektoru var idi.

 


Vaxtilə bu universitetdə müəllim kimi çalışmış Yusif Fərzəliyev Modern.az-a açıqlamasında bildirib ki, yeni açılacaq universitetdə hər fakültədən olan ixtisasların tədris olunması daha yaxşı olar.


“Mən o vaxtlar Ağdərə rayonunun Çərəkdar kəndində 8 illik məktəbdə çalışırdım. Sonra Xankəndində Nizami Gəncəvi adına 4 nömrəli şəhər məktəbində tarix müəllimi kimi işləmək təklif edildi. Mən də bu təklifi qəbul etdim və həmin məktəbdə işləməyə başladım. Bir ildən sonra Xankəndi Pedoqoji İnstitutunda Ümumi tarix kafedrasına müsabiqə elan olundu. Mən müsabiqədə qalib oldum. Xankəndi ermənilər tərəfindən işğal olunana qədər institutda müəllim kimi çalışdım. O vaxtlar Xankəndi İnstitutunda təxminən 2000 tələbə təhsil alırdı.

İnstitutda əvvəlcə Tarix, Azərbaycan dili-ədəbiyyat və riyaziyyat fakültələri var idi. Sonradan İbtidai təhsilin  pedaqogikası və metodikası fakültəsi də açıldı. Təhsil 3 dildə - Azərbaycan, erməni və rus dillərində idi. Rus bölməsində az tələbəyə rast gəlinirdi. Onlar da da rus hərbiçilərin övladları idi. Digər tələbələrin çoxu erməni milliyətindən olan sakinlərin övladları idi. Dərs keçən müəllimlər də əsasən ermənilər idi.

İnstitutda çox yaxşı nizam-intizam var idi. Dərsə gecikmək olmazdı. Təsəvvür edin ki, bir müəllim dərsə 5 dəqiqə gecikirdisə, ona xəbərdarlıq olunurdu.

Düşünürəm ki, yeni açılacaq universitetdə hər bir ixtisas üzrə tədris həyata keçirilsə, çox yaxşı olar.

İstəyərdim ki, Ağdamda da ölkə iqtisadiyyatının inkişafına töhfə verə biləcək aqrar sahəyə aid bir universitet yaradılsın”.
 

Xankəndi Pedaqoji İnstitutunda rektor vəzifəsində çalışmış Raqif Kərimov isə saytımıza deyib ki, əgər o, yeni açılacaq Qarabağ Universitetində işə dəvət alsa, çox böyük həvəslə qəbul edər:

 

“Mən Xankəndi Pedaqoji İnstitutunda 1976-ci ildən işğal dövrünə qədər həm müəllim, həm də rektoru kimi fəaliyyət göstərmişəm. Orada pedaqoji fəaliyyət çox yüksək səviyyədə qurulmuşdu. Tələbələr çox yaxşı oxuyurdular, çünki təhsilə ciddi nəzarət var idi. Tələbələr qarşısına ciddi tələblər qoyulurdu.

Azərbaycan Prezidentinin Xankəndidə Qarabağ Universitetinin yaradılması barədə sərəncamını ürəkdən alqışlayıram. Nəinki mən, vaxtilə Xankəndidə müəllim işləmiş bütün digər həmkarlarım yeni açılacaq Qarabağ Universitetinə böyük həvəslə gedib işləməyə razı olarıq. Bizim gənc müəllimlərimiz də çox vətənpərəvərdir. Onların da həvəslə gedib çalışacaqlarına şübhəm yoxdur”.
 


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də