Gəncə şəhərində fəaliyyət göstərən “Gəncə qalası” ticarət kompleksi yeni görkəmdə sakinlərin istifadəsinə verilib. Bu münasibətlə keçirilən tədbirdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Türkiyənin Gəncədəki Baş Konsulu Recep Öztop, YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov, Aparatın məsul əməkdaşları, bələdiyyə sədrləri, “Gəncə qalası” ticarət kompleksinin rəhbərliyi və şəhər sakinləri iştirak ediblər.
Əvvəlcə qonaqlara müsiqili-əyləncəli proqram təqdim edilib. Daha sonra onlar ticarət kompleksi ilə tanış olublar. Şəhər rəhbərinə məlumat verilib ki, ticarət kompleksinin ərazisi 30 000 kv.metrdir. Burada xeyli sayda kişi, qadın və uşaq geyimləri mağazaları, kafe və restoran, həmçinin uşaqlar üçün əyləncə mərkəzi fəaliyyət göstərir. Aşağı mərtəbədə isə avtomobillər üçün dayacanaq mövcuddur. Burada fəaliyyətə 200-dən artıq sahibkar cəlb olunub və 1000-dək işçi çalışır.
Niyazi Bayramov yaradılan şəraitlə tanış olub, mağaza sahibləri və digər işçilərlə görüşüb, onlara uğurlar arzulayıb.