Ekoloji sahədə korrupsiya hüquqpozmalarına yol verən vəzifəli şəxslər ifşa edilib.
Bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin Meşə Fondundan istifadə şöbəsinin müdiri Sadiq Salmanov və həmin qurumun Meşələrin İnkişafı Xidmətinin Zaqatala Regional Meşə Təsərrüfatı Mərkəzinin direktoru Rəşad Mahmudovun qanunsuz əməlləri barədə daxil olmuş məlumat əsasında həyata keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanıb.
Əməliyyat-istintaq tədbirləri ilə Sadiq Salmanovun qiymətli növdən olan meşə materialının qanunsuz hərrac yolu ilə vətəndaşa ayrılmasını təşkil edəcəyini vəd edərək öz xidməti otağında tələb etdiyi pul məbləğinin 3 min manatını rüşvət qismində almasına əsaslı şübhələr müəyyən edilib.