Gəncə şəhər Şəhidlər xiyabanında “8 Noyabr- Zəfər Günü” ilə bağlı Şəhidlərin, imamların və vaxtsız dünyasını dəyişən gənc iş adamı Ruslan Məmmədovun xatirəsinə inşa edilmiş bulaq kompleksi istifadəyə verilib.
Şəhidlər xiyabanını ziyarətə gələn şəhid ailələri və məzarlıqda dəfn edilən insanların yaxınları ilə şəhidlərimizin keçdiyi qəhrəmanlıq yolundan danışdıq. Şəhid ailələri Müzəffər Ali Baş Komandanın və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın şəhid və qazi ailələrinə göstərdiyi diqqətə, qayğıya görə təşəkkür və minnətdarlıqlarını bildirdilər. Bulaq kompleksindən istifadə edən şəhid ailələri və şəhər sakinləri Ruslan Məmmədovun vətənpərvərliyi və xeyriyyəçiliyi ilə yaşadağı qısa ömürdə nümunəvi bir gənc kimi yaddaşlarda özünə əbədi bir abidə ucaltdığını qeyd etdilər.
44 günlük “Vətən müharibəsi” zamanı və ondan öncəki dövrlərdə öz maddi-mənəvi dəstəyi ilə hər zaman ordumuzun yanında olan Ruslan, eyni zamanda, uşaq evlərini, ahıl insanların yaşadıqları sığınacaqları, qayğıya ehtiyacı olan insanları, şəhid və qazi ailələrini də heç zaman unutmazdı. Vətənə, torpağa bağlılığı Ruslan hələ körpə yaşlarından atası Şahin Məmmədovdan öyrənmişdi. Şahin Məmmədov Azərbaycan Diasporunun uğurlu isimlərindən biridir. Xalqımızın dini və milli-mənəvi dəyərlərini Rusiya Federasiyasında layiqincə təmsil edən, ümummilli lider Heydər Əliyevin və Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin siyasətinə sadiqliyi ilə seçilən diaspor rəhbəri Şimali Osetiya-Alaniya Respublikası Azərbaycanlıları Konqresinin fəxri prezidentidir.
Qeyd edək ki, Gəncə Şəhidlər xiyabanı ərazisində qazılan artezian quyuları nəticəsində 2 bulaq çəkilərək insanların istifadəsinə verilib. 3-cü bulağın çəkilişi məqsədilə mütəxəsislər tərəfindən əraziyə baxış keçirilib, iş aparılır. 50 ildən artıq bir zamandır ki, bu məzarlıqda su olmadığından insanlar öz doğmalarının məzarlarında təmizlik işləri aparmaqda əziyyət çəkiblər. Əkilən yaşıllıqların tamamı susuzluqdan məhv olub. Bulaq kompleksinin çəkilib istifadəyə verilməsinə görə, şəhid ailələri və məzarlıqda dəfn edilən insanların yaxınları Gəncə şəhərinin ziyalı oğlu, hörmətli Şahin Məmmədova öz təşəkkür və minnətdarlıqlarını bildiriblər.
Bulaqdan istifadə edən insanlar Gəncə şəhəri üçün ağır itki hesab olunan Ruslan Məmmədovun vaxtsız vəfatından kədərləndiklərini bildirib, başsağlıqlarını ifadə edərək, ailəsinə səbr diləyiblər. Şəhidlərin, imamların, Ruslan Məmmədovun və məzarlıqda dəfn edilən insanların əziz xatirəsinə dualar oxunub.