
Sərəncama əsasən, Bakı şəhərində nəqliyyat sıxlığının azaldılması məqsədilə uzunluğu 12,7 km olan altı hərəkət zolaqlı Böyükşor–Pirşağı avtomobil yolunun layihələndirilməsi və tikintisi üçün 2023-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ilkin olaraq 4,7 milyon (dörd milyon yeddi yüz min) manat ayrılıb.
Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etməli, İqtisadiyyat Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən avtomobil yolunun tikintisinin başa çatdırılması üçün zəruri olan maliyyə vəsaitini Azərbaycanın 2024-cü il dövlət büdcəsi layihəsində dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə nəzərdə tutmalıdır.
Nazirlər Kabinetinə bu Sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.