Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

İki dəfə yaralanan, 8 yoldaşını xilas edən Şuşa Qalasının qəhrəman şəhidi

Qırx dörd günlük Vətən Müharibəsi bizə minlərlə qəhrəmanımızı yaxından tanıtdı. Onların şücaətləri tarix boyu xalqımızın yaddaşından silinməyəcək. Belə igidlərdən biri də Qax rayonunun 23 yaşlı qəhrəmanı Hacıəhməd Hacıəhmədlidir.
RegionTV.info xəbər verir ki, Hacıəhməd Həsən oğlu Hacıəhmədli 1998-ci ildə Qax rayonunun Zərnə kəndində dünyaya göz açıb.
Hacıəhməd orta məktəbi Zərnə kəndində bitirib və Azərbaycan Texniki Universitetinə qəbul olub. Universiteti bitirdikdən sonra həqiqi hərbi xidmətə yollanıb. Vətənə olan borcunu yerinə yetirdikdən sonra hərbə olan sevgisi onu yenidən bu sahəyə yönəldib. Ali təhsil almasına baxmayaraq, öz ixtisası üzrə işləməkdən imtina edərək müddətdən artıq həqiqi hərbi qulluqçu kimi xidmətə başlayan Hacıəhmədə Vətən müharibəsində iştirak etmək də nəsib olub.
Sentyabrın 27-dən etibarən ordumuzun əks hücum əməliyyatlarında qəhrəmanlıq göstərən Hacıəhməd Füzuli, Zəngilan, Qubadlı rayonları və Laçın dəhlizinin işğaldan azad edilməsi uğrunda döyüşüb. O, bu döyüşlərdə 8 yaralı hərbçi yoldaşını döyüş meydanından çıxarıb. Ayağından və gözündən yaralanmasına baxmayaraq, 15 günlük məzuniyyətdən imtina edərək, müalicə olunduğu qospitaldan birbaşa cəbhəyə yollanıb.
Hacıəhmədin son döyüşü noyabrın 7-də Şuşada olub. O, Şuşa qalası ətrafında ən uca zirvəni fəth edən zaman şəhid olub.
Hacıəhmədin valideynləri indi övladları haqqında yalnız fəxarətlə danışırlar.
Hacıəhməd Hacıəhmədli ölümündən sonra 4 medalla "Vətən uğrunda", Şuşanın, Füzulinin və Qubadlının azad olunması uğrunda medalları ilə təltif edilib. Şəhid Zərnə kənd qəbiristanlığında torpağa tapşırılıb.
Allah rəhmət eləsin!

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də