Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Deputatların sayı artırılmalıdır - Bəs nə qədər...



Azərbaycanda referendum keçiriləcəyi və siyasi sistemdə bir sıra dəyişikliklərin olacağı barədə iddialar yayılıb. Hakimiyyət nümayəndələri müxtəlif kanallarla referendumun keçiriləcəyi barədə xəbərləri təkzib etsə də, müzakirələr səngimək bilmir.

 

Bir çoxlarının fikrincə, dəyişdirilməsi lazım olan məsələlərdən biri də Milli Məclisin deputatlarının sayıdır. Belə ki, hazırda Milli Məclisdə 125 deputat mandatı mövcuddur. Ancaq bu say 1995-ci ildən bu yana dəyişməyib.

 Modern.az Milli Məclisin deputatlarının təmsilçilik nisbəti (bir deputatın neçə nəfəri təmsil etməsi) ilə bağlı araşdırma aparıb.

 Beləliklə, 1995-ci ildə parlamentin 1 deputatı 61 min nəfəri təmsil edirdisə, bu gün 1 deputat 81 min nəfəri təmsil edir.  Qonşu ölkələrdən Ermənistanda 1 deputat parlamentdə 27.7 min nəfəri, Gürcüstanda 24.6 min nəfəri təmsil edir.

 Əhalisi sayı Azərbaycana yaxın olan Çexiya, Portuqaliya, Macarıstan kimi Avropa ölkələrində də deputatların sayı daha çoxdur.

 

Ölkə

Əhalinin sayı

Parlamentdəki deputatların sayı

Türkiyə

85.8 milyon

600

Almaniya*

83.3 milyon

598**

Britaniya*

67.7 milyon

650

Fransa*

64.7 milyon

577

Çexiya*

10.5 milyon

200

Azərbaycan

10.2 milyon

125

Portuqaliya

10.2 milyon

230

Macarıstan

10.1 milyon

199

İsrail

9.1 milyon

120

Türkmənistan*

6.5 milyon

125

Gürcüstan

3.7 milyon

150

Ermənistan

2.8 milyon

101**

* Parlament ikipalatalıdır və cədvəldə aşağı palatadakı deputatların sayı qeyd olunub.
** Bu ölkələrdə seçki sisteminə görə deputatların sayı arta bilər.

Cədvəl: Deputatların sayı əhalinin sayına nisbətdə göstərilib

 

Cədvəldən də göründüyü kimi, Azərbaycanda deputatların təmsilçilik nisbəti ürəkaçan deyil. Buna görə də, Azərbaycan parlamentində deputatlarının sayının artması barədə təkliflər məntiqlidir.

 

Burada əsas müzakirə mövzularından biri də mandat sayının nə qədər artırılmasıdır. 1995-ci ildə  Konstitusiya layihəsinin hazırlanması zamanı parlamentdə deputat yerlərinin sayı geniş diskussiya doğurmuşdu. Milli Məclisin 100, 150, 200 və s. deputatdan ibarət olması barədə mülahizələr irəli sürülmüşdü.

 

Müzakirələrdən sonra ölkə rəhbərliyi 125 rəqəminin üstündə dayandı. Hərçənd hakimiyyət daxilində də Azərbaycan kimi bir ölkə üçün 125 nəfərlik deputat korpusunun çox az olduğunu vurğulayanlar da yetərincə idi.

 

İndi də deputatların sayının 150, 175 və ya 200-ə çatdırılması təklif edilir. 1995-ci illə müqayisə apardıqda deyə bilərik ki, Milli Məclis üzvlərinin sayı ən azı 150-yə çatdırılmalıdır. Bununla 1995-ci ildəki təmsilçilik nisbətini əldə etmək mümkündür. 

 

Modern Təhlil və Araşdırma Qrupu


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də