Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Respondentlərin 55,7%-i məlumatları sosial şəbəkədən alır

Respondentlərin 55,7%-i məlumatları sosial şəbəkədən alır


“Texnologiya dövründə informasiyanın həcmi və informasiya platformalarının sayı sürətlə artır. İnformasiya mənbələrində və istifadəçi sayındakı intensiv artım, etibarlı informasiyaya çıxış imkanlarını aktuallaşdırır”.

 Bu barədə  Sosial Tədqiqatlar Mərkəzindən bildirilib.

 Qeyd edilib ki, Mərkəz tərəfindən bu istiqamətdə keçirilən ictimai rəy sorğusu insanların gündəlik əsas məlumat mənbələrini öyrənməyə imkan verib.

 

Nəticələrə görə, respondentlərin 55,7%-i məlumatları sosial şəbəkədən, 45,3%-i televiziyadan, 30,7%-i internet xəbər saytlarından, 12,5%-i yaxın ətrafdan aldığını bildirib. Respondentlərin rəylərində növbəti sıralarda qəzet, jurnal (2,3%), radio (1,8%) və digər informasiya mənbələri (0,5%) yer alıb.

 

Sorğunun nəticələrinin respondentlərin sosial-demoqrafik bölgüsünə görə təhlili, yaş artıqca televiziyanı əsas məlumat mənbəyi kimi qeyd edənlərin sayında artan, sosial şəbəkələr üzrə azalan dinamika olduğunu göstərib. Nəticələrə əsasən, yaşı 65-dən yuxarı olanların 89.2%-nin gündəlik hadisələrlə əsas informasiya mənbəyi televiziya, 18-24 yaş qrupu iştirakçıların isə 85.0%-nin isə sosial şəbəkələrdir. İnternet xəbər saytları əsasən orta yaş qrupuna aid respondentlər tərəfindən qeyd olunub.


Ümumi rəyləri yaşayış məntəqələrinin növünə görə təhlil etdikdə əhəmiyyətli fərqlər qeydə alınıb. Kənd ərazi vahidlərində yaşayanların əsas informasiya mənbəyinin televiziyalar (54,8%), şəhərdə məskunlaşanların əsas informasiya mənbəyinin sosial şəbəkələr (60,3%) olduğu məlum olub.


Nəticələri gender aspektindən təhlil etdikdə, sosial şəbəkə iştifadəçiləri üzrə bərabər bölgü qeydə alınarkən (kişilərin 55,3%-i, qadınların 56,1%-i), televiziyalar üzrə nəticələr fərqlənib (kişilərin 39,7%-i, qadınların 50,2%-i).
“Sosial şəbəkələrdən aldığınız məlumatın doğruluğunu yoxlayırsınızmı?” sualına cavab olaraq, respondentlərin 26,8%-i yoxladığını, 67,2%-i buna ehtiyac görmədiyini bildirib. Respondentlərin 6,0%-i bu barədə hər hansı fikir bildirməyib.

 

Nəticələrin təhlilinə əsasən, yaş artıqca sosial şəbəkələrdən aldığı informasiyanın doğruluğunu yoxlamayanların sayında artım qeydə alınır. Ümumilikdə bu mövqe 18-24 yaş qrupu respondentlər üzrə 67,5%-ə, 55-64 yaş qrupu üzrə 80,0%-ə bərabər olub.


Orta təhsillilərin 22,4%-i, ali təhsillilərin 32,0%-i sosial şəbəkələrdən aldığı informasiyanın doğruluğunu yoxladığını bildirib.


Sorğunun sahə işi (məlumatların toplanılması) 2023-cü ilin 12 – 16 oktyabr tarixləri arasında icra olunub. Sorğular telefonla müsahibə formasında keçirilib və 18 yaşından yuxarı 384 respondent iştirak edib. Sorğuda 12 iqtisadi rayon əhatə olunub. Seçmə çərçivəsi ölkə üzrə əhalinin paylanmasına proporsional müəyyən edilib və gender balansı qorunub.

 

Bu məqsədlə sözügedən inzibati rayon və şəhərlərə aid telefon nömrələri müvafiq məlumat bazasından xüsusi proqram vasitəsilə sistemli üsulla seçilərək zənglər olunub. Sahə işinə başlamamışdan əvvəl intervüyerlər təlimatlandırılıb. Respondentlərə sorğunun könüllü iştirak əsasında aparıldığı və məlumatların yalnız ümumiləşdirilmiş qaydada istifadə olunacağı barədə zəruri məlumatlar çatdırılıb. Sorğuda əhatə edilmiş respondent sayına əsasən, nəticələrin xəta əmsalı 95% əminlik intervalında 3% təşkil edir.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də