“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin “Suraxanı” gəmi-muzeyində 8 Noyabr – Zəfər Günü münasibətilə “Açıq qapı günü” elan olunacaq. Bununla da, hər kəs ödənişsiz şəkildə muzeyə giriş imkanı əldə edəcək.
Bu barədə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”nin mətbuat katibi Mehman Mendiyev bildirib.
Həmin gün muzeyə gələn ziyarətçilər gəmiçiliyə aid eksponatlarla yanaşı, Qarabağ Zəfəri ilə bağlı kadrlarla zənginləşdirilmiş 360 dərəcəlik ekranı da izləyə biləcəklər. Bu ekranda Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin çıxışları, xalq, ordu və dövlət birliyini əks etdirən kadrlar, Vətən müharibəsinə aid döyüşlər, Ermənistanın işğal dövründəki vandalizm faktları, eləcə də işğaldan azad olunmuş ərazilərimizdə davam edən quruculuq işləri nümayiş olunacaq.
Muzeydə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”ndə çalışanların Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan doğmalarından, həmçinin könüllü şəkildə ön cəbhəyə yollanan gəmiçilik əməkdaşlarından, Azərbaycan Dövlət Dəniz Akademiyasının, Azərbaycan Dənizçilik Kollecinin tələbələrindən, Zəfərdən sonra quruma işə qəbul edilən Vətən müharibəsi iştirakçılarından bəhs edən “Hər biri qəhrəmandır” kitabı da interaktiv formada təqdim olunacaq.
Mətbuat katibi "Hər birinizi 8 noyabr tarixində “Suraxanı” gəmi-muzeyində gözləyirik", - deyə ictimaiyyətə çağırış edib.