Pensiya üçün lazımi sənədlərlə müraciət etmişəm.
Bunu açıqlamasında Milli Məclisin sabiq deputatı Qulamhüseyn Əlibəyli deyib.
Sabiq deputat ona pensiya verilməsində heç bir problem olacağını düşünmür:
“Mənim 65 yaşım yenicə tamam olub. Ona görə də hələ pensiya almıram. Lazımi qaydada aidiyyatı quruma müraciət etmişəm. Yəqin ki, sabiq deputat pensiyasını ala biləcəm. Hesab edirəm ki, heç bir problem olmaz”.
Qeyd edək ki, 1995-ci il noyabrın 12-də keçirilmiş parlament seçkilərində Azərbaycan Xalq Cəbhəsi Partiyasının siyahısı üzrə 3-cü sırada olan Qulamhüseyn Əlibəyli I çağırış Milli Məclisin deputatı seçilib. 1995-ci il noyabrın 24-dən səlahiyyətlərinin icrasına başlayan Qulamhüseyn Əlibəyli Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu Daimi Komissiyasının və Azərbaycan-BƏƏ parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü olub.
Daha sonra 2000-ci il noyabrın 5-də keçirilən parlament seçkilərində Azərbaycan Xalq Cəbhəsi Partiyasının siyahısı üzrə 2-ci sırada olan Qulamhüseyn Əlibəyli II çağırış Milli Məclisin də deputatı seçilib. 2000-ci il noyabrın 12-dən səlahiyyətlərinin icrasına başlayan Q.Əlibəyli Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu məsələləri Daimi Komissiyasının və Azərbaycan-Yunanıstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü olub.
Qanunvericiliyə görə, Azərbaycan müstəqillik qazandıqdan sonra - 1995-ci ildən bu yana deputat seçilənlərin sabiq deputat pensiyası almaq hüququ var. Əvvəlki seçkilərdə deputat olan şəxslərin isə bu hüququ yoxdur. Çünki əvvəlki seçkilərin mandat sahibləri müstəqil dövlətin deputatı olmayıblar.
Qüvvədə olan qanunvericiliyə görə, pensiyaya çıxan keçmiş deputat hazırda fəaliyyətdə olan millət vəkilinin maaşının 80 faizi həcmində pensiya almaq hüququna malikdir.