"Muğan Bank"ın lisenziyasının ləğv edilməsi Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) keçmiş prezidenti Ramiz Mehdiyevin bankda payının olması ilə izah edilir.
Məlumat üçün deyək ki, "Muğan Bank" ASC-nin səhmdarları Mehtiyev Elmir Maqbet oğlu (67,74 %), Mehtiyev Maqbet Rəhim oğlu (11,58 %), Vəliyeva Vəfa Əhməd qızı (10,65 %) və Mehtiyeva Fəridə Cahandar qızı (10.03 %) olub. Maqbet Mehtiyevlə Fəridə Mehtiyeva Əhməd Vəliyevin qudaları, Elmir Mehtiyev kürəkəni, Vəfa Vəliyeva isə qızıdır. Bu ilin iyun ayında bankın səhmdarları dəyişib. Əhməd Vəliyevin oğlanları Munir və Samir vəliyevlər ayrı-ayrılıqda 40 faiz pay əldə ediblər. Bununla da Elmir Mehtiyevi payı 0,7818 faizə, Vəfa Vəliyevanın payı 8,3254 faizə, Fəridə Mehtiyevanın payı 10, 8928 faizə enib.
Mediada gedən məlumatlarda Maqbet Mehtiyev Ramiz Mehdiyevin yaxın qohumu kimi təqdim edilir. Əhməd Vəliyevin qudası ötən ilin noyabrında dünyasını dəyişib. Mərhum Maqbet Mehtiyev Azərbaycan Dövlət Tibb Universitetinin Gistalogiya kafedrasının dosenti, tibb elmlər namizədi olub.
Maqbet Mehtiyevin Ramiz Mehtiyevlə yaxın qohum olduğuna dair tutarlı bir fakt yoxdur. Onların soyadının eyni olması isə ciddi fakt kimi qəbul edilə bilməz.