Almaniyada yaşayan diaspor fəalı Asəf Əsgər bu ölkənin “Tagesschau.ge” xəbər portalında və kanalında nümayiş etdirilən anti-Azərbaycan mövqeyinə sərt etirazını bildirib.
Diaspor fəalının bu istiqamətdə xüsusi canfəşanlıq göstərən jurnalist-reportyor Silviya Stöberə ünvanladığı məktubda bildirilib ki, “Yaxın Şərqin uzun kölgəsi” adlı müəllif məqaləsində bir daha qərəzli, birtərəfli və həqiqətə tamamilə uyğun olmayan mövqe nümayiş etdirib: “Əgər siz müstəqil jurnalist və araşdırmaçısınızsa, niyə, sadəcə, Ermənistan KİV-lərinə istinadən xəbər yayır, Ermənistandan reportaj hazırlayırsınız?! Mən sizi Azərbaycana dəvət edirəm. Gəlin, Qarabağda hər şeyi öz gözlərinizlə görün! Müstəqil jurnalist hər iki tərəfin fikrini öyrənməli və təqdim etməlidir”.
Diaspor fəalı jurnalistin “Qarabağdan 100 min erməninin getdiyi” iddiasa istehza edib: “Əvvəllər ermənilər və havadarları Qarabağda 120.000 erməninin yaşadığını iddia edirdilər. Siz və beynəlxalq təşkilatlar da bunu təkrarlayırdınız. İndi isə ermənilər 100 000 min deyir, siz də həmin rəqəmə istinad edirsiniz. Bəs 20 000 erməni hara yoxa cıxdı?”