"Ermənistan Avropa İttifaqı ilə əməkdaşlığı dərinləşdirmək niyyətindədir".
Bunu Ermənistanın baş naziri Nikol Paşinyan Strasburqda Avroparlamentin toplantısında çıxışı zamanı deyib.
"Lakin İrəvan bu münasibətləri regional əməkdaşlıq və regional ölçülərlə müqayisə etmək istəmir. Ermənistanın Avropa İttifaqı ilə əlaqələri yeni elementlə – təhlükəsizliklə tamamlanıb. Söhbət avropalı müşahidəçilərin mülki missiyasından gedir.
İrəvan bu yaxınlarda Roma Statutunu ratifikasiya etdi, bu, bizim beynəlxalq hüquq nizamının stimullaşdırılması və inkişaf etdirilməsində maraqlı olduğumuzu göstərir", - o qeyd edib.
Paşinyan Avropa Parlamentində müttəfiqlərin hərəkətsizliyindən şikayətlənib. Onun fikrincə, bu, Ermənistanın suverenliyinə əsas təhdidlərdən biridir: "Xarici qüvvələr hibrid texnologiyalardan istifadə etməklə Ermənistanda daxili qeyri-sabitlik yaratmağa çalışıblar".
Ermənistan baş naziri Qarabağdakı Rusiya sülhməramlılarını da hərəkətsizlik nümayiş etdirməkdə günahlandırıb. Paşinyan bildirib ki, Qarabağdan Ermənistana köçənlərin problemlərinin həlli üçün hökumət 100 milyon dollar ayırıb: "İrəvanın beynəlxalq tərəfdaşların köməyinə ehtiyacı olacaq".
Avropa Parlamentinin sədri Roberta Metsola Ermənistanın baş naziri ilə keçirdiyi brifinqdə vurğulayıb ki, Aİ Ermənistanın ərazi bütövlüyünü və sərhədlərinin toxunulmazlığını dəstəkləyir: "İndi diqqət ədalətli danışıqların bərpasına yönəldilməlidir".