Qanunsuz erməni silahlı birləşmələrinin tərkibində Xocalı rayonunun Meşəli kəndində soyqırımı törətməkdə təqsirləndirilən Xaçatryan Vaqif Çerkezoviçin istintaqa verdiyi ifadə elan edilib.
Vaqif Xaçatryan istintaqa verdiyi ifadəsində bildirib ki, 1955-ci ildə Əsgəran rayonunun Badara kəndində anadan olub. Həmin kənddə qeydiyyatda olmaqla yaşayıb, evlidir və üç qız övladı var.
Vaqif Xaçatryan 1973-cü ildə üç aylıq hərbi avtomobil məktəbini bitirdiyini deyib. O, 1974-1976-cı illərdə keçmiş sovet ordusu sıralarında hərbi xidmətdə olub, sonra isə Xankəndi şəhərində aqrar-sənaye idarəsində sürücü işləməyə başlayıb. 1992-ci ilin sentyabr ayında Robert Koçaryan Qarabağ Komitəsinin rəhbəri olduqdan sonra, 50-55 yaşına qədər ermənilərin özünümüdafiə adı altında Stepanakert şəhər hərbi komissarlığından səfərbərliklə xidmətə çağırılıb.
Bununla əlaqədar Vaqif Xaçatryan 100-ə yaxın Badara kənd sakini ilə birlikdə hərbi komissarlığa gedib qeydiyyata düşüb və kəndə qayıtdıqdan sonra, hərbi xidmətə çağırılanlar hər qrupda 33 nəfər olmaqla, üç qrupa bölünüblər. Daha sonra isə o, hərbi komissarlığın hərbçiləri tərəfindən Əsgəran rayonunun Noragüh kəndinə aparılıb.
Orada onlara 5-10 gün müddətində silah doldurub boşaltmaq, həfəfə nişan alıb atəş açmaq və digər təlim məşqləri keçirilib. Təlimdən sonra isə 1992-ci ilin sentyabr ayının ortalarında Vaqif Xaçatryanın olduğu qrup Fərrux dağının yüksəkliyinə aparılıb oradakı postda xidmət aparmaları tapşırılıb. O, 7 gündən bir həmin posta çıxıb 7 gün xidmət apardığını bildirib.
V. Xaçatryan deyib ki, xidmətdə olduğu müddətdə Fərrux dağı ətrafında azərbaycanlılarla döyüş olmayıb, və o, həmin döyüşlərdə iştirak etməyib.
Bildirib ki, postda xidmət aparan zaman böyrəkləri və bağırsaqları soyuqladığına görə, 1992-ci ilin oktyabr ayının əvvəllərində Stepanakert şəhər xəstəxanasına gətirilib və orada təxminən 20 gün müalicə olunub. Sonra xəstəliyi ilə bağlı xidmətdən tərxis olunub. Mülki şəxs kimi arxa təminat xidmətində, Əsgəran rayonunun Noragüh kəndində yerləşən ərzaq anbarında fəhlə kimi işləməyə başlayıb.
1994-cü ilin iyun ayında müharibə qurtardıqdan sonra Vaqif Xaçatryan hamin işdən çıxıb və Badara kəndində təsərrüfatı ilə məşğul olmağa başlayıb.
Təqsiləndirilən şəxs məhkəmədə Fərrux dağında postda xidmət etdiyi təsdiq edib: "Biz o vaxt özümüzü azərbaycanılardan müdafiə etmək üçün orada postda xidmət edirdik. Hərbi Komissarlıq tərəfindən bizə silah verilmişdi".