RegionTV.info
Ordudan tərxis olunan daha bir əsgərimiz özünə qəsd etdi. Az müddət ərzində sayca ikinci intihardır: bir neçə gün öncə əsgər Vüsal Musayev müalicə olunduğu xəstəxanada özünü asmışdı, bu dəfə əsgər Yunis Mənsurov canına qəsd edib...
Bu faktlar hər birimizə, topluma bir çağırışdır – səfərbər olmağımız üçün...
İntihar xəbərləri onsuz da üzüntülüdür, fəlakətli həddə ağrılıdır, üstəlik, intihar edən Qalib Ordumuzun əsgəridirsə, adamın canını ikiqat sıxır. Allah hər ikisinə rəhmət eləsin! Körpələri atasız qaldı...
Qeyri-adi, gözlənilməyən deyil. Müharibənin baş verdiyi bütün ölkələr bu problemlə üzləşir. Postmüharibə dönəmində toplumlarda mənəvi böhran, depressiya, stress bu və ya digər səviyyələrdə yaşanır: əsgərlərin aldığı xəsarətlər, baş-beyin travmaları, dözülməz ağrılar bəzən intihara gətirib çıxarır. Üstəlik, pandemiya şəraitində yaşadığımızı da nəzərə alaq...
Nəticələri nə qədər sevindirici olsa, nə qədər fərəhlənsək də, torpaqlarımızın işğaldan azad olunmasıyla bitən Vətən müharibəsi ilə nə qədər qürur duysaq da, bəzi əsgərlərimizin adaptasiya prosesini biz də canımızda hiss edirik: insan psixologiyası heç də hər şeyə gərəkdiyi qədər dözümlü yanaşa, müvazinətini qoruyub saxlaya bilmir.
Sosial şəbəkələr toplum olaraq psixoloji durumumuzu “rentgen” kimi göstərir. Ətrafımızda tanıdığımız-tanımadığımız nə qədər adam stress yaşayır, mənəvi böhran keçirir, evində bayram düzənləməyi, şənlənməyi özünə rəva görmür. Neçə-neçə ailələr şəhid verib, yas içindədir...
İndi siz müharibənin odundan-alovundan keçmiş əsgərləriminzin durumuna baxın. Təsəvvürə gətirmək belə çətindir, ağır döyüşlərdə ölüm görmək, öldürmək; səngər yoldaşını, doğmanı, əzizini qanlar içində çabalayan, can verən görmək...
Gözünün önündə əsgər yoldaşların ölür, şikəst olur, ağrı-işgəncə çəkir.
Və ya... Əsgər yoldaşının parçalanmış əzalarını toplamalı olursan.
Əlbəttə, insan ruhunun alışmadığı, vərdiş etmədiyi böhranlı vəziyyətdir...
Sosial şəbəkələrdə iki qazinin görüşməsi ilə bağlı videonu yadımıza salaq: biri gözlərini, digəri ayağını itirmiş iki döyüşçü, iki səngər yoldaşı ona görə qucaqlaşaraq ağlamırdı ki, sağlamlıqlarını itiriblər. Ona görə ki, bir-birlərinin yaşantılarını - travmalarını bilirdilər...
Və bilmədiyimiz, görmədiyimiz, xəbərsiz olduğumuz nə qədər belə Ağrılar (travmalar) var. Savaşda sağlamlığını itirmiş əsgərə daha çox qayğı, diqqət lazımdır. Bir yandan can ağrıları, o biri yandan gözünün önündən getməyən dəhşətli müharibə səhnələri, sonu görünməyən depressiya... Ruhi müvazinətini saxlaya bilmək çabaları...
Biz – arxa cəbhənin insanları bəzən müharibədən çəkilmiş fotoşəkillərə, videolara sona qədər baxa bilmirik. Qanımız donur. O dəhşətlərin, odun, alovun, mərmi yağışının içində olmuş hərbçi üçün o yaşantıların nə qədər çətin olduğunun fərqindəyikmi?..
ABŞ-ın Vyetnamdakı qanlı savaşının üstündən uzun illər keçib. Amma hələ də o müharibədə iştirak edənlərin savaşdan sonra yaşadığı travmalar ölkə üçün problem olaraq qalır.
Amerikada termin olaraq bunu “Vyetnam sindromu” adlandırırlar. Vyetnam müharibəsində 500 min amerikalı əsgər və zabit iştirak etmişdi. Əlli səkkiz min hərbçi müharibədə həyatını itirdi. Müharibədən qayıdanların təxminən bir o qədəri – yəni 60 minə yaxını da “Vyetnam sindromu” adı verilən həmin psixoloji durumun – stress və depressiyanın qurbanı oldu, intihar etdilər.
Çıxış yolu nədədir? Vəziyyətin kütləviləşməməsi üçün hansı addımlar atılmalıdır?
Əlbəttə, biz Vətən müharibəsinə uzun müddət hazırlaşmadığımız üçün bu tip travmatik yaşantıların qarşısının alınması üçün toplum olaraq müəyyən qədər hazırlıqsız yaxalandıq. Amma... Bütövlükdə pozitivlik üçün çox ciddi əsaslarımız da var axı və bu iki əsgərin intiharını heç bir halda “Vyetnam sindromu” ilə müqayisə edə bilmərik.
Əlbəttə, müharibədir, itkisi, dəhşətləri eynidir. Ancaq Vətən uğrunda, doğma torpaq naminə müharibə yad torpaqda savaşmaqla müqayisə oluna bilməz. Üstəlik, Vyetnamda illərlə davam edən savaşda “dünyanın ən əzəmətli ordusu” uduzub geri çəkilmişdi, Azərbaycanın Vətən müharibəsi isə cəmi 44 gün davam etdi və tam qələbə ilə başa çatdı.
3000-ə yaxın şəhid versək də, yaralılarımız, sağlamlığını itirmiş qazilərimiz olsa da, müharibəni udmağımız, düşməni kapitulyasiyaya məcbur etməyimiz tamamilə fərqli situasiya yaradır. Biz 44 günlük müharibə ilə 30 illik məğlubiyyət kompleksindən xilas olmuşuq. Şuşaya bayrağımızı sancmış qalib dövlət, qalib millətik. Bu əhval-ruhiyyənin cəmiyyətin bütün təbəqələrinə sirayət etməsi, bərqərar olması, stress və depressiyanın kütləviləşməməsi üçün bütün imkanlardan istifadə etməliyik. Var gücümüzlə.
Yəqin ki, bu yöndə KİV-in də üzərinə çox ciddi vəzifələr düşür. Xüsusən onlayn media və TV-lər, sosial şəbəkələrdəki media resursları, Yutub kanalları bu yöndə davamlı maarifləndirmə ilə məşğul olmalı, tanınmış mütəxəssislərin fikirləri öyrənilməlidir. Eyni zamanda, ölkədə reabilitasiya mərkəzləri yaradılmalı, peşəkar nevropatoloq, psixiatr və psixoloqlar bu işə cəlb olunmalıdır. Hətta zərurət yaranarsa, bu yöndə bir qurum da yaradıla bilər.
Amma bu prosesi yalnız həkimlərin və medianın üzərinə atmaq da olmaz, təbii ki! Cəmiyyət olaraq iştirak etməliyik bu işdə. Hər kəs, hər birimiz dəstək olmalıyq müharibə iştirakçılarına. Qazilərimizin, şəhidlərimizin ailə üzvlərinin səhhət və məişət problemlərinə diqqətsiz, sayğısız yanaşan məmur qarşısında aktiv ictimaiyyət nümayəndələrini görməli, toplumun narazılığını, müqavimətini hiss edib narahat olmalıdır.
YAŞAT Fondunun bu yöndə çox əhəmiyyətli işlər görəcəyi şübhəsizdir. Amma toplum da kənarda seyrçi qalmamalı, mümkün dəstəyi öz qəhrəmanlarına göstərməli, onları tək qoymamalıdır. Qazi də, şəhid ailəsi də arxasında ilk növbədə xalqını və dövlətini hiss etməlidir.
Yəni müharibə zamanı necə milli birlik və həmrəylik nümunəsi göstərmişiksə, postmüharibə dönəminin çətinliklərinə də eynilə çiyin verməli və bu ağrılı, çətin prosesi geridə - həm həyatımızın, həm şüurumuzun gerisində buraxmalı, yalnız və yalnız YAXŞIya, yaxşılara, ən yaxşılara köklənməliyik. Müharibədə əldə etdiyimiz uğurların zövqünü və şövqünü doya-doya yaşamalıyıq.
Bizim buna da gücümüz çatacaq!
Xəbəri paylaş