Sosial Tədqiqatlar Mərkəzi Azərbaycan və Ermənistan arasında sülh razılaşması istiqamətində müsbət dinamikanı nəzərə alaraq, bu məsələyə ictimai münasibəti öyrənmək məqsədilə əhali arasında sorğu keçirib.
Mərkəzdən verilən xəbərə görə, respondentlərə ünvanlanan “Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanmasını dəstəkləyirsinizmi?” sualına verilən cavablara əsasən, cəmiyyətdə sülh müqaviləsinin imzalanmasına yüksək dəstək ifadə edilib. Belə ki, sorğu iştirakçılarının mütləq əksəriyyəti – 80,9%-i Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanmasını dəstəkləyib.
Respondentlərin 18,3%-i əks mövqedən çıxış edərək sülh müqaviləsinin imzalanmasını dəstəkləməyib. 0,8%-i bu suala rəyini bildirməkdə çətinlik çəkib.
Sorğu nəticələrinin müxtəlif demoqrafik göstəricilər üzrə təhlilində maraqlı məqamlar müəyyən edilib. Nəticələrin gender aspektdən təhlilinə əsasən, kişilərin 85,1%-i və qadınların 76,7%-i Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanmasını dəstəkləyiblər.