Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Əliyevin getmədiyi sammit: Rusiyasız yeni nizam, yoxsa "ölü doğulmuş" təşkilat... - TƏHLİL

Əliyevin getmədiyi sammit: Rusiyasız yeni nizam, yoxsa


Bu gün İspaniyanın cənubunda yerləşən tarixi Əndəlüs vilayətinin Qranada şəhərində Avropa Siyasi Birliyinin sammiti keçiriləcək.

Sayca üçüncü sammitə 50-yə yaxın ölkə dəvət olunub.

 Avropa İttifaqına (Aİ) üzv olan 27 dövlətin, Ukrayna, Türkiyə, Ermənistan, Azərbaycan, Moldova, Gürcüstan, Balkan ölkələri daxil olmaqla 20 tərəfdaş və namizəd ölkənin liderləri Avropanın gələcəyini müzakirə etmək üçün Qranadaya dəvət edilib. Dəvət olunan liderlər Avropanı daha dayanıqlı, firavan və geostrateji etmək üçün bir araya gələcək. 

 Oktyabrın 6-da isə Avropa İttifaqının dövlət və hökumət başçıları təşkilatın qeyri-rəsmi sammitini keçirəcəklər, bu sammitdə qurumun 2024-2029-cu illər üçün strateji gündəliyi, həmçinin İttifaqın daha da genişləndirilməsi, bu prosesin mümkün nəticələri və ən əsası bunun üçün zəruri olan transformasiyalar müzakirə ediləcək.

 

Rusiyasız yeni nizam

 Avropa Siyasi Birliyi adlı sammitin məqsədi ümumi maraq doğuran məsələlərin həlli üçün siyasi dialoqu və əməkdaşlığı inkişaf etdirmək, Avropa qitəsinin təhlükəsizliyini, sabitliyini və rifahını gücləndirməkdir. Qeyd olunub ki, bu siyasi koordinasiya platforması heç bir mövcud təşkilatı, strukturu və ya prosesi əvəz etmir, hazırkı mərhələdə yeni təşkilat, struktur yaratmaq məqsədi daşımır. Bundan əvvəlki sammitlər Çexiya və Moldovada keçirilib.

 Avropa Siyasi Birliyinin 2022-ci ilin oktyabrında keçirilən ilk sammitində liderlər əsasən sülh və təhlükəsizlik məsələlərini, xüsusilə Rusiyanın Ukraynadakı müharibəsini və enerji böhranını müzakirə ediblər. İlk sammit öncəsi Avropa İttifaqının baş diplomatı Cozep Borrel deyib ki, bu görüş Rusiyasız yeni nizam axtarmaq üçündür: "Bu o demək deyil ki, biz Rusiyanı əbədi olaraq kənarlaşdırmaq istəyirik, lakin burada Rusiyanın, Putinin Rusiyasının yeri yoxdur".

 Moldovada keçirilən sammitdə isə bir sıra strateji məsələlərə toxunulub və simvolik birlik nümayiş olunub. "Moskvada oturub yaxın qonşuluqdakı görüşdə 47 ölkəni bir yerdə görürsünüz, bu, mühüm mesajdır", - Avropa siyasətçilərdən biri deyib.

 Ancaq Qranadada keçirilən görüş bir qədər fərqli olacaq. Qərb mətbuatı yazır ki, sammitin əsas mövzusu əvvəlkilərdən fərqli olaraq Ukrayna olmayacaq. Buna baxmayaraq ABŞ-da Ukraynaya yardım məsələsi ilə bağlı ziddiyətli açıqlamalar olduğuna görə Avropa liderlərinin Ukrayna prezidenti Volodimir  Zelenskiyə uzunmüddətli dəstək verəcəyinə əminlik verəcəyi gözlənilir. Zelenskinin sammitdə iştirak edəcəyi gözlənilir.

 

Azərbaycan Qranada görüşündən imtina edib

 

Sammit Azərbaycan ordusunun Qarabağ bölgəsində həyata keçirdiyi lokal antiterror tədbirlərindən bir neçə həftə sonraya təsadüf edir. Əməliyyat nəticəsində separatçılar təslim olub və qondarma qurum ləğv edilib. Beləliklə, sammitin Avropanın yaxınlığındakı tarixi problemlərdən birinin həllindən sonra keçirilməsi diqqətəlayiqdir. Ancaq sammit çərçivəsində Ermənistan və Azərbaycan arasında planlaşdırılan görüş keçirilməyəcək.

 

Azərbaycan Prezidenti İlham Əliyev isə Fransanın təxribatçı mövqeyinə görə sammitdə iştirakdan imtina edib. Məlumata görə, rəsmi Bakı Azərbaycan-Ermənistan-Fransa-Almaniya-Avropa İttifaqı Şurası formatında beştərəfli görüşdə Türkiyənin də iştirak etməsini təklif edib. 

 

Lakin buna imkan verilməyib, bu məsələdə Fransa və Almaniya xüsusi canfəşanlıq nümayiş etdirib.  Buna görə Azərbaycan bu görüşdən imtina edib və Prezident İlham Əliyev Qranadaya getməyib. Türkiyənin Ədalət və İnkişaf Partiyasının (AK Partiya) sözçüsü Ömər Çelik bildirib ki, Ankara İlham Əliyevin Qranada görüşündən imtina etməsini təqdir edir.  "Avropa Qarabağın azad edilməsindən narahatdır. Məhz buna görə də onlar Türkiyə Prezidentinin Qranada görüşündə iştirak etməsini istəmir. Qafqazda həqiqətən sülh istəyənlər bu görüşdə ilk olaraq Rəcəb Tayyib Ərdoğanın iştirak etməsini istəmələdir, - o qeyd edib.

 

Yeri gəlmişlən, Türkiyə mətbuatında yayılan məlumatlara görə, Rəcəb Tayyib Ərdoğan da sammitdə iştirak etməyəcək. Mətbuat səfərin ləğv edilməsini onun səhhəti ilə əlaqələndirir.

 

Ermənistan Baş naziri Nikol Paşinyan isə beştərəfli görüşün keçirilməməsinə baxmayaraq İspaniyaya gedəcəyini bildirib. Paşinyan qeyd edib ki, Ermənistan nümayəndə heyəti sammitdə öz mövqeyini daha ətraflı təqdim etməyə çalışacaq.

 

Qeyd edək ki, bundan əvvəl Moldovada keçirilən sammit zamanı Olaf Şolts, Emmanuel Makron və Şarl Mişelin iştirakı ilə Azərbaycan və Ermənistan liderləri arasında görüş keçirilib.

Balkan yarımadasında gərginlik

 

Avropa Siyasi Birliyinin sammiti çərçivəsində müzakirə ediləcək mövzulardan biri də Balkan yarımadasındakı gərginlikdir. Etnik albanların çoxluq təşkil etdiyi Kosovanın müstəqilliyi 2008-ci il fevralın 17-də elan edilib. Onun müstəqilliyi 100-dən çox ölkə tərəfindən tanınır. Azərbaycan daxil olmaqla bir çox ölkə isə həmin ərazini Serbiyanın tərkib hissəsi hesab edir.

 

Aprel ayında Kosovonun şimalındakı serblərin çoxluq təşkil etdiyi bölgədə etnik albanlar şəhər merləri seçilib, serblər seçkiləri boykot edib. Həmin hadisələrdən sonra regionda iğtişaşlar artıb. Serbiyanın Kosova hökumətini etnik serblərin hüquqlarını tapdalamaqda, Kosova isə Serbiyanı şimaldakı etnik serbləri qızışdırmaqda ittiham edir.

 

ABŞ və Aİ nümayəndələri Serbiya və Kosovaya 2022-ci ilin ortalarında plan təqdim edib və bu planın qəbul edilməsi üçün tərəflərə təzyiqlər edirlər. Plana əsasən əsasən Belqrad BMT də daxil olmaqla beynəlxalq təşkilatlarda Kosovaya qarşı lobbiçilik fəaliyyətini dayandıracaq. Kosovo, əksəriyyəti serblərdən ibarət bələdiyyələrin birliyi yaratmağı öhdəsinə götürəcək. Hər iki tərəf həll edilməmiş mübahisələrin həllinə kömək etmək üçün bir-birinin paytaxtında nümayəndəliklər açmalı idi. Lakin danışıqlar dalana dirəndi, Avropa Kosovonun baş naziri Albin Kurtini bələdiyyələr assosiasiyasını qurmamaqda günahlandırdı.

 

Avropa Siyasi Birliyi çərçivəsində Serbiya və Kosova liderlərinin görüşü nəzərdə tutulub. Görüşdə mübahisələrin həlli müzakirə ediləcək.

 

Ümumilikdə Avropa Siyasi Birliyinin məqsədi Ukrayna müharibəsinin yaratdığı yeni siyasi nizamda Avropanın rolunu artırmaqdır. Ancaq hələlik buna nail olunmayıb. Sammitin hədəfləri dəqiq müəyyən edilməyib və konkret plan hazırlanmayıb. Avropa Siyasi Birliyinin növbəti iclası Böyük Britaniyada baş tutacaq. Hələlik növbəti görüşün vaxtı müyyən olunmayıb. Liderlər yaratmaq istədikləri təşkilatla bağlı aydın plan təqdim etməlidir, əks təqdirdə bu layihə “ölü doğulmuş” təşkilat kimi tarixdə qalacaq…

 

Modern.az Təhlil və Araşdırma Qrupu


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də