Bir neçə gündür ki, Ermənistan mediası Sarkis Qalstyan adlı Qarabağ ermənisinin Azərbaycan tərəfindən Xankəndiyə komendant təyin edildiyi barədə xəbər tirajlayır.
Bu xəbərlərdə erməni jurnalist Tatul Akopyana istinad olunur. Erməni jurnalist özünün Facebook səhifəsində yazıb ki, “Sarkis Qalstan Xankəndi komendantı təyin olunub”.
Amma Azərbaycanın rəsmi qurumları hələ ki xəbərə reaksiya bildirməyib.
“Azadlıq” radiosunun erməni xidməti - “Azatutyun” yayılan informasiyanı araşdırmağa çalışıb.
Sarkis Qalstyanın Ermənistandakı qohumları “Azatutyun”a deyiblər ki, o, həqiqətən də arvadı ilə birlikdə Qarabağda qalıb.
Qohumlardan biri deyib ki, ötən gecə Qalstyanla söhbət edib və o, azərbaycanlılarla əməkdaşlıq etdiyini və hər hansı vəzifəyə qoyulduğunu inkar edib.
Qohumlarının sözlərinə görə, Sarkis Qalstayan İrəvandakı yaxınları ilə Qarabağdakı Rusiya sülhməramlıları vasitəsilə danışıb.
Qeyd olunur ki, Sarkis Qalstyan Qarabağ separatçılarının "keçmiş parlamentində deputat" olmuş David Qalstyanın əmisidir.
Qondarma “deputat” deyib ki, əmisinin Xankəndinin komendantı təyin olunmasına və azərbaycanlılarla əməkdaşlıq etməsinə dair heç bir məlumatı yoxdur.
O deyib ki, əmisini son dəfə sentyabrın 28-dən sonra görüb və həmin vaxt Qarabağdan evakuasiya gedirdi.
David Qalstyanın sözlərinə görə, əmisi ona deyib ki, Ermənistana getməyəcək və Qarabağda qalan ermənilərə kömək edəcək.
David Qalstyan onu da deyib ki, əmisi uzun illər Dağlıq Qarabağda müxtəlif vəzifələrdə çalışıb, 1990-cı illərdə hərbi əməliyyatlarda iştirak edib, Şuşada "başçı müavini" olub. Daha sonra qondarma “Hərbi vətənpərvərlik və təhsil nazirliyində” orta vəzifədə çalışıb.