İstefada olan polis polkovniki Telçman Qasımov bildirib ki, Xankəndi şəhərində dünyaya gəlmiş və hazırda sağ olan ən yaşlı azərbaycanlı sakin onun anası Aytəkin Əliş qızı Hüseynovadır. O, anasının qızlıq soyadının Haqverdiyeva olduğunu qeyd edib.
T.Qasımovun sözlərinə görə, Xankəndidə ilk məskən salanlar ana babalarına "Mehtililər" deyərmişlır.
“Anamın ata babası Məşədi Zeynal Haqverdiyev (1860-1918) Azərbaycanda ilk solo ifa edən tarzən olub. 1911-ci ildə Üzeyir bəyin dəvəti ilə "Leyli və Məcnun" operasında tarda solo ifa edib. Skripkaçı olmadığından Üzeyir bəy drijorluğu Əbdürrəhim bəy Haqverdiyevə həvalə edərək özü skripkada ifa edib.
1937-ci ildə ana babam Əliş Haqverdiyev bəy nəslindən olduğu üçün repressiyaya məruz qalıb və Sibirə sürgün edilib, elə oradaca dünyasını dəyişib.
Nənəm Qüdrət xanımı isə 3 uşaqla Gəncə şəhəri yaxınlığında yerləşən bir kəndə 5 il müddətinə sürgünə göndəriblər.