O xəbəri eşidəndən qulağıma uzaqdan da olsa, açıq-aydın “taq-taq” səsləri gəlirdi – anlamırdım bu ürəyimin qapısıdır, yoxsa bu qapının arxasındakı “zindan”da həyatım boyu müxtəlif işgəncələrə dözən ürəyim yenə də döyünürdü?! Bəlkə həmin “taq-taq” məndən bu ağır və göz yaşlarından paslanmış qapını açıb, daim “döyülməkdən” qanına qəltan olan ürəyimi “azadlığa” buraxmaqla insafa gəlməyimi başıma vururdu...
Gündən-günə yaxınlaşan bu monoton səs-küydə eyni taqqıltını on dəfə, yüz dəfə, min dəfə eşidirdim. Sanki ürəyim parçalanıb yuvarlaqlaşaraq poladdan döyülmüş yüzlərlə təkərlərə çevrilib asinxron “taq-taq”larla qatarı arxaya baxmadan qasırğa kimi, ox kimi, yaranan gündən nizamlanan relslərlə növbəti qeyri-müəyyənliyə tərəf qaçırdırdı... Əcaib mənzərə idi – bilmirsən dəmir yolunun yamacı ilə uzanan kol-kos, teleqraf dirəkləri, mənə tərəf dönən adamlar, rəngarəng avtomobillər, gözəl və yaraşıqlı evlər mənə tərəf qaçır, yoxsa mən sakitcə hərəkətsiz bir yerdə dayanan bu varlıqlardan başımı götürüb harasa qaçıram? Bilmirəm, başa düşmürəm.
Ümumiyyətlə, bu son günlər başıma gələnlərin çoxunu başa düşmürəm…
Ya Rəbb, dünyada hər şey necə də qəribədir!
Tufanlı, yağışlı bir axşam idi. Həmişə olduğu kimi işdə gec qalmışdım ki, kimsəsizlik şəraitində təzə aldığım yazı masası arxasında sakit, maneəsiz oturaraq çətin 90-cı illərin, müstəqilliyimizin bərpası dövründə tərtəmiz və korrupsiyaya uğramamış, sovet və əsasən sosrealizm, propaqanda qabığında “mazollaşmış” jurnalistikasını tanımayan müxbirlərin yaradılması haqqında düşünüm. O zamanlar artıq WTN və BBC məktəbini keçdikdən sonra mən aydın anlayırdım ki, yeni Azərbaycana yeni jurnalistika və jurnalistlər lazımdır. Lakin satqın və hələ də orda-burda “qardaş olub Hayastan-Azərbaycan” oxumağı cəhd edən Bakı kimi kosmopolit meqapolisinin küçələrində bunu etmək çətin idi və mən üz tutdum bizim rayonlara, daha doğrusu, ölkəmizin kəndlərində böyüyən və halal Azərbaycan çörəyi yemiş gənclərə. Deyə bilmərəm ki, bu yol asan idi, amma indi, üstündən 30 il keçəndən sonra və Qarabağ qaytarılandan sonra anlayıram ki, düz yol idi. Bu proses “çiçək” sözünü “tsitsək” kimi səsləndirmələrlə mübarizədən tutmuş seçilmişlərə xarici dillərin öyrədilməsi, Azərbaycan tarixi, dili və Quran dərsləri vermək kimi akademik siniflərdən ekstremal jurnalistikaya güllə kimi çaxılaraq dünyanın ən qaynar nöqtələrində reportajların hazırlanmasına qədər uzun və əzəmətli idi.
Mən bilirdim ki, Azərbaycan yaradıcılığa açıq və aydın insanlarla bol məkandır – qarşıda duran problemlər yalnız kəndlərdən paytaxta gələn yolu asanlaşdırmaq, maraqlı və qabiliyyətli gəncləri yerin altından da olsa, tapıb çıxarmaq, mədəni-maarif işini milli-dünyəvi istiqamətdə aparmaq, ideologiyanı müəyyənləşdirmək və hədəf olaraq düzgün nümunə tapmaqdır! Beləliklə, Tovuz rayonundan Qənirə Paşayeva, Salyan rayonundan Natəvan Babayeva, Neftçala rayonundan Qənirə Ataşova, İmişlidən Eldəniz Vəliyev, Cəbrayıldan Anar Cəbrayıllı, Füzulidən Əli Əhmədov və yüzlərlə digər yaradıcı gənclər ANS Akademiyasında təhsil aldı, böyük və əzəmətli bir yol astanasında dayanan gənclər üçün “Döyüş alnınıza yazılıb” 2/216 (Quran Surəsi və Ayəsi) ideologiyası yaradıldı və nümunə olaraq ibrətamiz, su kimi şəffaf, peşəkar və tam Milli Qəhrəman, reportyor Çingiz Mustafayev seçildi və proses başlandı!
İllər keçdi, lakin nə tufan, nə də yağış azaldı. Daşlı-kəsəkli yollarda kəsilən və sağalmayan yaraları elə həmin yağış suyu ilə “yuyan” ANS-çilər tufana qarşı getməklə Çingizin yolu ilə dayanmadan gedirdilər. Qənirə Paşayeva da bu yolun yolçusu idi ANS-də. Sanki hər bir yeni reportajı ilə Fransadan və ya İraqdan, Qarabağdan və ya digər qaynar nöqtələrdən o yolun sonuna çatdığını və artıq Çingizin bir neçə addımlığında olduğunu zənn edirdi…
Lakin Çingiz hələ uzaqda idi. Daim savadlanmağa olan meyl, möhkəm iradə, Vətənpərvərlik - Qənirəni ANS-çilər sıralarında belə fərqləndirirdi. O daim asan işlərdən qaçır, müşküllüyə qarşı atılırdı və bu üzərinə gələn, bir qadın üçün həddindən artıq ağır görünən çətinliklər kütləsinin arxasında daim Çingizi axtarirdı, ona vacib bir sirrini açmaq istəyirdi… Bu sirr və ya illər boyu səni incidən sual, və ya səni narahat edən hərəkətin və ya hərəkətsizliyin necə də vacib oldu ki, sən o dünyaya növbədənkənar qədəm basdın? Hər şeyi sənə halal edirəm əzizim Qənirə və hamıdan bunu etməyi rica edirəm!
Bir neçə gün əvvəl düşünə bilərdimmi ki, ürəyimdəki bu təlaş, məndən uzaqlaşan qatarın “taq-taq”ı minlərlə mil məsafəni təkbaşına hansısa uzaq, tamamilə naməlum istiqamətdə hərəkət edən ürəyimin bir parçası, növbəti şagirdim Qənirənin sonuncu yoludur? ANS PRESS xəbər yaydi ki, Azərbaycanın məşhur jurnalistlərindən biri, ictimai və siyasi xadim Qənirə Paşayeva vəfat edib. Bu nə pis... çox pis xəbərdir... Niyə şəfa tapmadı? Axı milyonlarla insan onun sağalmasına dua edirdilər! Niyə ürəyimdə “taq-taq” edən qatar ona şəfa gətirmədi və ya onu şəfa müstəvisinə çıxarmadı?!
Belə bir mətnin sonunda bu və ya digər standart ifadəni, məsələn, onun ruhunun dincəlməsi haqqında yazmaq lazımdır. Lakin Qənirə Paşayeva sağlığında bütün gücü ilə çətinliklərlə savaşaraq, daim yeni hədəflər seçərək döyüş amalında idi. İnanmıram ki, ölümündən sonra Qənirə ruhunun dincəlməsinə can atsın... Bir də ki, Çingizin yanında hansı rahatlılqdan danışmaq olar?!
Bir onu bilirəm ki, İnsan onu tanıyanlar yaşadıqca ölməzdir.
Vahid Mustafayev,
ANS Şirkətlər Qrupunun prezidenti
Xəbəri paylaş