Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

32 illik qondarma qurumun sonu - Proses yanvaradək çəkməyəcək...

32 illik qondarma qurumun sonu - Proses yanvaradək çəkməyəcək...

Qarabağdakı qondarma rejim 19-20 sentyabr tarixlərində baş tutan antiterror tədbirlərindən sonra Bakının tələbi əsasında özünü buraxıb.  Qondarma qurumun "rəhbəri" Samvel Şahramanyanın "qərar" ilə 2024-cü il yanvarın 1-dək bütün "təşkilatlar" və "qurumlar" ləğv edilir və "Artsax" öz fəaliyyətini dayandırır.

 Beləliklə, 2024-cü ilin ilk günündən etibarən 32 il əvvəl yaradılan qondarma rejim bir daha geri qayıtmayacaq şəkildə tarixin arxivinə göndəriləcək. 

 Məsələ ilə bağlı danışan Milli Məclisin deputatı Arzu Nağıyev bildirib ki, "qərarda" yanvarın 1-i tarixi qeyd edilsə də, Azərbaycan öz suverenliyini artıq tam bərpa edib:

 “Qarabağ erməniləri ilə görüş keçirilib. Reinteqrasiya ilə bağlı məsələlərin həlli, Azərbaycan konstitusiyasına uyğun orada yaşamaq istəyən ermənilərin sosial məsələlərinin həlli, onların siyahıya alınmaları prosesi gedir. Eyni zamanda silahların təhvil alınması, gizli silahların aşkara çıxarılması prosesləri davam etdirilməlidir. Xankəndidə idarəçiliyin Azərbaycan tərəfindən həyata keçirilməsi əsas məsələdir. Azərbaycan bayrağı Xankəndidə dalğalanmalıdır. Bütün bu proseslər həyata keçirilir. Qondarma qurumun "rəhbərliyi"nin, Şahramanyanın verdiyi açıqlama da ondan ibraətdir ki, idarəçilik tam şəkildə Azərbaycana keçir. Burada müəyyən zaman kəsiyinə ehtiyac var. Onun yanvarın 1-nə diqqət çəkməsinə baxmyaraq, Azərbaycan öz suverenliyini tam bərpa edib, tör-töküntüləri, yerdə qalan problemlər də həll olunmalıdır ki, Azərbaycanın Xankəndidə tam şəkildə idarəçiliyi yaransın”.

Deputat prosesin yanvara qədər çəkəcəyini düşünmədiyini söyləyib:

 

“Düşünmürəm ki, mövcud vəziyyət yanvara qədər davam etsin. Öz işimizi görür, siyasətimizi həyata keçiririk. Heç kəs bizə hansısa təqvimi diqtə edə bilməz. O öz camaatını sakitləşdirmək üçün çalışır. Vardanyanın və digərlərinin həbsi göstərir ki, ərazi bütövlüyümüzün, suverenliyimizin bərpası istiqamətində addımlar atırıq. Biz çalışırıq ki, ərazidə münaqişə ocağı qalmasın”.

 

Milli Məclisin digər bir deputatı Kamran Bayramov qondarma rejimin özünü buraxması ilə bağlı "qərarı"nın rəsmi şəkildə Azərbaycanın suverenliyinin bərpa edildiyini göstərdiyini deyib:

 “Azərbaycan Prezidentinin dəfələrlə dediyi kimi, Azərbaycan torpaqlarında hansısa separatçı rejimin mövcudluğu yolverilməzdir. Bu gün məhz cənab prezidentin səyləri, ordumuzun cəsarəti və şücaəti nəticəsində separatçıların qalıqları ləğv edilib. Artıq qondarma rejim özünü buraxmaq istiqamətində qərar verib. Qondarma rejimin tərksilah edilməsi, parlamentin buraxılması, Qarabağda yaşayan ermənilərin cəmiyyətimizə reinteqrasiyası kimi tələbləri Azərbaycan irəli sürmüşdü. Biz artıq deyə bilərik ki, Azəbaycanın suverenliyi, ərazi bütövlüyü bugünkü hadisə ilə tam bərpa olunur. Azərbaycan bütün ərazilərinə, o cümlədən Qarabağ iqtisadi rayonuna birbaşa tam nəzarətini həyata keçirməyə malik olub. Bu da təbiidir. Separatçılar tərk-silah olunublar. Buna görə də, anlayırlar ki, Qarabağ ərazisində yalnız Azərbaycanın konstitusiyasına uyğun fəaliyyət göstərilə bilər. Artıq sonuncu addım da separatçılar tərəfindən atıldı”.

Deputat qeyd edib ki, qondarma qurumun özünü buraxması ilə Azərbaycan tarix yazmış oldu:

 

“Separatçılığın yolverilməzliyi və prespektivsiz olması bir daha sübuta yetirildi. Azərbaycan separatçılıqla mübarizə sahəsində çox gözəl presedent yaratdı. Artıq onu konkret deyə bilərik ki, dünyada separatçılığa son qoyulub. Digər dövlətlərdə olan separatçılar da bunu anlamalıdır”.

 

Milli Məclisin deputatı Naqif Həmzəyev prosesin bu cür cərəyan etməsinə heç kəsin şübhəsinin olmadığını diqqətə çatdırıb:

 

“Onsuz da, onlar ağ bayraq qaldırıb təslim olmuşdular. Azərbaycanın bütün tələblərini qəbul etmişdilər. Erməniəsilli insanların qeydiyyata alınması, onların siyahısının çıxarılması, bütün digər işləri tam nəzarətə götürmək üçün icma nümayəndələri ilə birgə işləmək lazımdır. Çünki biz orada erməniəsilli insanlarla azərbaycanlıların birgə yaşayışını təşviq etmək üçün əlimizdən gələni edirik. Ancaq ermənilərin əksəriyyəti humanitar koridordan istifadə edərək Ermənistana gedirlər. İstənilən halda burada qalıb yaşayan erməni sakinlər olacaq. Həmin sakinlərlə birgı işi təmin etmək üçün orada nüfuzlu,sayılan-seçilən erməniəsilli insanlar da lazımdır. Onlarla biz bu işi qurmuşuq və proses davam edəcək. Bu baxımdan həmin nümayəndələr vasitəsilə ilk növbədə 1-ci Qarabağ müharibəsində cinayət törətmiş şəxslərin kimliklərinin müəyyənləşdirilməsi və tapılması istiqamətində iş aparılacaq. Digər məsələlər də var ki, onlarla bağlı detallı məlumatların alınması da həmin o nüfuzlu erməni icma nümayəndələri tərəfindən həyata keçiriləcək. Artıq 3 il ərzində terrorizmi dəstəkləyən, maliyyələşdirən, Azərbaycana qarşı təxribatlar törətmiş şəxslər həbs olunurlar. Bəziləri də buradan qaçış yolu olmadığını anladığına görə özləri könüllü təslim olurlar. Biz tezliklə azərbaycanlıların qanına əli bulaşmış, axtarışda olan insanların böyük hissəsini həbs edəcəyik. Artıq bu ərazidə ümumiyyətlə, hansısa qurum və təşkilat yoxdur. Tezliklə reinteqrasiya prosesinin məntiqi nəticəsi kimi, Xankəndidə Azərbaycan dövlət qurumları öz işlərinə başlayacaq. Tezliklə,Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi təyin olunac. Mərhələli şəkildə bu ərazilərdə yaşamış insanların Xankəndi. Ağdərə, Əsgəran və digər ərazilərə köçürülməsinin şahidi olacağıq. Bir sözlə,   Qarabağda və Şərqi Zəngəzurda görülən böyük quruculuq işləri, bu ərazilərdə də həyat keçiriləcək. Orada yaşayan erməniəsilli vətəndaşlar da bundan faydalana biləcək. Sadəcə olaraq zamana ehtiyac var. Mərhələli şəkildə Azərbaycan bu işləri həyata keçirəcək. Əslində, 20 sentyabrda bu qurum ləğv olunmuşdu. Sadəcə olaraq, bu gün məhvlərini. fəaliyyətlərini dayandırdıqlarını rəsmi olaraq elan etdilər. Oradakı binaların hər biri  mərhələli şəkildə təhvil götürüləcək. Oradakı arxiv materiallar, informasiyalar işlənəcək”.

Deputat söyləyib ki, birdən-birə oradan hər kəsi çıxarmaq, o işləri bu günə kimi görmüş insanların hamısını Ermənistana göndərmək doğru olmazdı:

 

“Çünki onlar uzun müddət Azərbaycan əleyhinə müəyyən qüvvələrlə əlaqəli şəkildə fəaliyyət göstəriblər. Buna görə də, dinc əhali getməyə və yaxud qalmağa özləri qərar verirlər. Ancaq “vəzifə” tutmuş, müəyyən işlər görmüş şəxslər təbii ki, öyrəniləcək. Əgər əlləri azərbaycanlıların qanına bulaşmayıbsa, onlarla heç kəsin işi olmayacaq. Lakin cinayətkarlıqla məşğul olanlar Azərbaycan qanunları qarşısında cavab verəcəklər. Ancaq tərk-silah olunan hərbçilərə aministiya tətbiq edilə bilər. Məlum olduğu kimi bu məsələləri bizim güc orqanarımız araşdırırlar. Nəticədə,Azərbaycan onlarla bağlı müvafiq qərarlar qəbul edəcək”.

 Naqif Həmzəyev qələbəyə kölgə salmaq istəyən sapı özümüzdən olan baltalara da bunun cavab olduğunu vurğulayıb:

 "Bəzi ağzıgöyçəklər, sapı özümüzdən olan baltalar varıydı ki, antiterror tədbirlərindən sonra əldə edilən uğurlara kölgə salmaq, başqa don geyindirməyə çalışırdılar. Bu gün qondarma rejimin özlərini buraxmaq barədə verdikləri bəyanat da onlar üçün cavab olsun. Onlar da anlasınlar ki, nəhayət Azərbaycanın uğurlu siyasətini qəbul etməlidirlər. Onlar gedib bacardıqları işlərlə məşğul olsunlar, Azərbaycanın uğurlarına kölgə salmasınlar”.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də