Ermənistan parlamentinin müvafiq komissiyasının sentyabrın 28-də keçiriləcək iclasında Beynəlxalq Cinayət Məhkəməsinin “Roma statutu”nun ratifikasiyası layihəsi müzakirə olunacaq.
Sənəd parlamentin hüquq məsələləri komissiyasının iclasının gündəliyinə daxil edilib.
Xatırladaq ki, “Roma statutu” Rusiya prezidenti Vladimir Putinin həbsini nəzərdə tutan sənəddir.
Bu il martın 17-də Haaqa Məhkəməsi Ukrayna ərazisində törətdiyi hərbi cinayətlərə görə Rusiya prezidenti Vladimir Putinin həbsinə order verib.
Martın 24-də Ermənistanın Konstitusiya Məhkəməsi “Roma statutu”nun ölkə Konstitusiyasına uyğunluğu barədə rəy verib. Rusiyanın xəbərdarlıqlarına baxmayaraq, sentyabrın 1-də bu sənəd ratifikasiya etmək üçün Ermənistan parlamentinə göndərilib. Qaydaya görə “Roma statutu”nu imzalamış ölkələr Beynəlxalq Cinayət Məhkəməsinin orderini icra etməyə məcburdurlar.
Baş Nazir Nikol Paşinyan Ermənistanın “Roma statutu”nun ratifikasiyasını Beynəlxalq Cinayət Məhkəməsinin 2022-ci ilin sentyabr və 2021-ci ilin may hadisələrinin araşdırılması istəyi ilə əsaslandırıb.