Qarabağın erməni sakinlərinin nümayəndələrinin Rusiya sülhməramlı kontingenti vasitəsilə müraciətini nəzərə alaraq 2023-cü il sentyabrın 20-də saat 13:00-da lokal xarakterli antiterror tədbirlərinin dayandırılması barədə razılıq əldə olunub.
Razılığa əsasən, Azərbaycan Respublikasının Qarabağ bölgəsində yerləşən Ermənistan silahlı qüvvələrinin birləşmələri, qeyri-qanuni erməni silahlı dəstələri silahı yerə qoyur, döyüş mövqelərindən və hərbi postlardan çıxır və tam şəkildə tərksilah olunurlar. Ermənistan silahlı qüvvələrinin birləşmələri Azərbaycan ərazilərini tərk edir, qeyri-qanuni erməni silahlı dəstələri buraxılır.
Prezidentinin Administrasiyasının təklif etdiyi kimi, Azərbaycan Respublikasının Konstitusiyası və qanunları əsasında reinteqrasiya məsələlərinin müzakirə edilməsi üçün Qarabağın erməni sakinlərinin nümayəndələri ilə 2023-cü il sentyabr 21-də Yevlaxda görüş keçiriləcək.
Beləliklə, Azərbaycan Ordusunun başlatdığı antiterror tədbirləri qarşısında duruş gətirə bilməyən Qarabağdakı erməni separatçıları “ağ bayraq” qalırmaq məcburiyyətində qalıblar. Paralel şəkildə bütün silah-sursat və ağır texnika təhvil veriləcək.
Milli Məclisin deputatı Nəsib Məhəməliyev lokal antiterror tədbirlərinin çox effektiv şəkildə həyata keçirildiyini vurğulayıb:
“Geosiyasi və regionda baş verən hadisələrin fonunda olduqca Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən çox düzgün vaxt seçilmişdi. Lokal antiterror tədbirləri zərgər dəqiqliyi ilə həyata keçirildi. Qısa zaman kəsiyində endirilən dəqiq zərbələr nəticəsində hərbi postlar, indiyə qədər inşa etmiş olduqları səngərlər, müdafiə xarakterli istehkam qurğuları zərgər dəqiqliyi ilə məhv edildi. Bu, bir daha Azərbaycan Ordusunun yüksək peşəkarlıq bacarıqlarının nümayişidir”.
Deputat söyləyib ki, erməni diasporunun apardığı informasiya müharibəsinin fonunda bir nəfər də mülki əhali xəsarət almadı:
“Bu, Azərbaycan Ordusunun peşəkarlıq səviyyəsinin ən yüksək göstəricisidir. Dünyaya örnək olacaq tədbirlər oldu. Qısa zamanda, təxminən 1 sutkadan biraz artıq müddət ərzində Ali Baş Komandan tərəfindən qarşıya qoyulan vəzifələrin silahlı qüvvələr tərəfindən icrası onu göstərir ki, Azərbaycan dövlətinin təhlükəsizliyi ən yüksək səviyyədə qorunur. Azərbaycan xalqı özünü rahat hiss edə bilər. Son olanlar Ermənistan dövlətinin qonşu dövlətlərə qarşı düşmənçilik siyasətinin mənasız olduğunu bir daha göstərdi. Azərbaycan xalqını təbrik edirəm! Başda müzəffər Ali Baş Komandan İlham Əliyev olmaqla,Azərbaycan Ordusu şərəfli bir səhifə yazdı. Azərbaycan xalqı öz Ordusu və Ali Baş Komandanı ilə fəxr edə bilər. Biz müasirlər ola bilsin ki, yaşananları tam dərk etməyə bilərik. 10 illiklər, 100 illiklər keçəcək. Həm 2020-ci il 44 günlük Vətən müharibəsi, eyni zamanda bu lokal antiterror əməliyyatlar tarixin şərəfli səhifəsi kimi xatırlanacaq. Azərbaycan haqlı mövqedədir”.
N.Məhəməliyev bundan sonrakı proseslərin necə cərəyan etməli olduğundan da bəhs edib:
“Bu, 200 il ərzində xalqımıza süni şəkildə sırınmış yaraydı. Bu yara "metastaz" vermişdi. Ona görə də, yara kəsilib atılmalıydı. Hesab edirəm ki, bizim hüquq mühafizə orqanlarımız Xankəndi və ətraf bölgələrdə məskunlaşmış ermənilərin hər birinin evində, zirzəmisində axtarışlar aparılmalı və harada odlu silah varsa, hamısı götürülməlidir. Gələcəkdə, daşnak millətçilərinin yığışıb, yenidən terror aktaları törətməsinə imkan verilməməlidir. Mülkilərə diskomfort yaratmadan döyüş qurğularının, silahların yığışdırılması məsələsi həyata keçirilməlidir. Bundan sonra reinteqrasiya prosesinə də başlayacaq. Bütün bu yaşananlardan sonra istənilən bölgəmizdə keçirilən görüşlərdə ermənilər reinteqrasiyanın daha da sürətlənməsindən danışmalıdır. Başa düşməlidirlər ki, onlara nə beynəlxalq birlik, nə də dünya erməniliyi proseslərə müdaxilə edə bilər. Azərbaycan konstitusiyaya tabe olan ermənilərə Azərbaycan xalqının digər nümayəndələrinə olduğu kimi davranacaq. Artıq erməni separatizmi tarxin arxivinə çevrilməkdədir”.
Milli Məclisin deputatı Arzu Nağıyev Azərbaycan Ordusunun qısa zaman kəsiyində böyük uğur qazandığını söyləyib:
"Artıq şanlı Azərbaycan Ordusu separatçıları ağ bayraq qaldırmağa vadar etdi. Düşmənin əksər postları dəqiq zərbələrlə məhv edildi.İndi əsas məsələ erməni hərbi birləşmələri və onların tör-töküntülərini ərazidən çıxarılmasıdır. Separatçılara məxsus hərbi texnikanın utilizasiyası getməlidir. Artıq reinteqrasiya məsələsi gündəmə gəlməlidir. Bununla bağlı danışıqlar prosesi başlamalıdır. Bizim tələblərimiz aydındı. Qeyri-legitim qoşun hissələri ərazidən çıxmalıdır".
Arzu Nağıyev qeyd edib ki, ermənilərin daha görüşlərdən yayınması üçün bəhanəsi və şansı qalmayıb:
"Ermənilərin bundan sonra danışıqlardan və şərtlərimizdən yayınma ehtimalı yoxdur. Konstitusiyaya uyğun olaraq hakimiyyətimizi bərqərar ediriksə, hansı yayınmadan söhbət gedə bilər? Xarici dövlətlərin bu məsələlərə müdaxilə etməsini ciddi cəhdlə istədilər. Bu istəklərinə nail olmadılar. Daha onlar da mütləq şəkildə sülhün bərqərar olması üçün əllərindən gələni etməlidir. Əks halda antiterror əməliyyatı davam etdirilə bilər".