Sentyabrın 19-da Milli Məclisin Səhiyyə komitəsinin 2023-cü ilin payız sessiyasında ilk iclası keçirilib.
İclası açan komitə sədri Əhliman Əmiraslanovun təklifi ilə bu gün erməni terrorçuların törətdikləri növbəti terror aktı nəticəsində həlak olan polis əməkdaşlarının və mülki şəxslərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra komitə sədri iclasın gündəliyinə 2 məsələnin - Milli Məclisin 2023-cü il yaz və növbədənkənar sessiyaları dövründə Səhiyyə komitəsində görülən işlər barədə hesabatın və Səhiyyə komitəsinin 2023-cü ilin payız sessiyası üçün iş planının daxil edildiyini bildirib.
Əhliman Əmiraslanov diqqətə çatdırıb ki, hesabat müddətində komitənin 10 iclası keçirilib, həmin iclaslarda 20 məsələ müzakirə edilib. Komitə sədri baxılan məsələlər haqqında fikirlərini söyləyib, qəbul olunan qanunların əhəmiyyətindən, xüsusən “Dərman vasitələri haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanunun tətbiqi sayəsində bu sahədə əldə olunan nailiyyətlərdən danışıb.