Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) dəstəyi ilə Bakı Baş Səhiyyə Mərkəzinin strukturuna daxil olan tibb müəssisələri yeni tibbi avadanlıqlarla təmin olunub.
Mərkəzdən verilən məlumata görə, tibbi xidmətin keyfiyyətinin yüksəldilməsi məqsədilə son bir ayda Mərkəzin strukturuna daxil olan 80-ə yaxın tibb müəssisəsinə müasir standartlara cavab verən yeni elektrokardioqramma (EKQ) aparatları verilib.
Yaxın gələcəkdə Bakı şəhəri üzrə ilkin səhiyyə xidməti göstərən digər tibb müəssisələri də (poliklinikalar) həmin cihazlarla təmin ediləcək.
Bakı Baş Səhiyyə Mərkəzinin Tibbi xidmətin təşkili departamentinin İxtisaslı tibbi xidmətlərin təşkili şöbəsinin müdiri Aytən Sultanovanın sözlərinə görə, poliklinikaların yeni avadanlıqlarla təchiz olunması vətəndaşlara göstərilən tibbi xidmətin keyfiyyətinin yüksəldilməsinə müsbət təsir göstərəcək:
“Bakı şəhəri üzrə fəaliyyət göstərən poliklinikalarda olan elektrokardioqramma cihazlarının çoxu köhnəlmiş, yararsız hala düşmüşdü. Bu isə əhalinin tibbi müayinələr üçün böyük xəstəxanalara üz tutmasına və orada sıxlığın yaranmasına səbəb olurdu. Lakin artıq bu sahədə tədbirlər həyata keçirilir. Bu isə vətəndaşların poliklinikaların tibbi xidmətlərindən daha səmərəli istifadə etmələrinə şərait yaradır. Bu, həmçinin ikinci səviyyə tibb müəssisələrinin üzərinə düşən yükün azalmasına da səbəb olacaq”.
Əhalinin profilaktik müayinələrinin aparılması, xəstəliklərin vaxtından aşkarlanması, tibbi xidmətin keyfiyyətinin yüksəldilməsi məqsədilə Bakı Baş Səhiyyə Mərkəzinin strukturuna daxil olan tibb müəssisələrində yararsız olan tibb avadanlıqlarının yeniləri ilə əvəz olunması, müasir standartlara uyğun tibbi cihazların quraşdırılması istiqamətində işlər davam etdirilir.