Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Azərbaycan ətrafında yeni gəlişmə: “Türkiyə artıq bölgədədir” – Müsahibə

“Türkiyə artıq bölgədədir, onun Rusiya ilə necə rəqbət aparmaq barədə Suriya və Liviyadan yetərli təcrübəsi var və ən başlıcası da, bir çox rusiyalı hərbi ekspertlərinin də etiraf etdiyi kimi, nüvə silahı nəzərə alınmazsa, Türkiyə ordusu Rusiya ordusundan güclüdür”.
ReginTV.info         
Politoloq Ərəstun Oruclunun müsahibəsini təqdim edirik:
- Amerikalı siyasətçi Riçard Nathan Haas iddia edir ki, dünya siyasətində post-Amerika dövrü başlayır. Bu iddia doğrudursa, necə düşünürsünüz, qlobal siyasətdə ağırlıq mərkəzləri hansı güclər ola bilər, məsələn, Rusiya, Çin, Almaniya, Türkiyə, yoxsa başqası?
- Əslində, belə iddialar çoxdan var, çünki SSRİ-nin dağılmasının ardınca bipolyar qlobal konstruksiyadan monopolyar dünya formatının yaranması keçid mərhələ idi. ABŞ özünün bütün siyasi, iqtisadi və hərbi qüdrətinə baxmayaraq bu mərhələdə təkbaşına qala bilməzdi. Hələ 10-15 il əvvəl müxtəlif ekspertlər multipolyar dünya konstruksiyasının yaranacağını desələr də, bu ideya real siyasətdə yalnız 2008-ci ildən sonra görünməyə başladı. 2008-ci ildə ABŞ prezidenti seçilən Barak Obama öz administrasiyasının xarici siyasətinin “multipolyar dünya doktrinası” üzərində qurulacağını bəyan eləmişdi. Obamanın 8 illik prezidentliyi dövründə belə bir keçid aydın görünməsə də, onu zəruri edən amillər artıq özünü büruzə verməyə başlamışdı.
Ərəb ölkələrindəki “Ərəb baharı” adlanan rejim dəyişiklikləri, ABŞ-İran, ABŞ-Kuba, Avropa-İran münasibətlərindəki müsbət dinamika və dünyanın digər bölgələrində baş verənlər də yeni mərhələnin başlanğıcına işarə edirdi. Digər tərəfdən də iqtisadi və hərbi cəhətdən güclənən Çin, SSRİ-nin varisi kimi qlobal iddialar ortaya qoyan Rusiya, sürətli texnoloji inkişaf və bir sıra digər amillər də dünyanın yenilənməsinə təkan verirdi.
Ümumiyyətlə, belə bir keçid zaman tələb edir ki, həmin müddətdə də qlobal oyunçular sınaqlardan keçib müəyyənləşirlər. İndiki mərhələdəki yarış iştirakçıları siyahısına qeyd etdiyiniz ölkələrlə yanaşı, mən Böyük Britaniya, Braziliya, Fransa və Hindistanı da əlavə edərdim. Bu ölkələrin hər birinin müvafiq bölgələrdə lider mövqeyə malik olmaq şansı var ki, bu da elə yuxarıda qeyd elədiyim yeni multipolyar dünya konstruksiyası ola bilər.
- Bəs Avropa Birliyindən çıxan Böyük Britaniyanın geosiyasi oyunçu kimi meydana çıxması qlobal proseslərə necə təsir göstərəcək? Artıq London Ankara ilə anlaşma imzalayıb, İspaniya ilə Cəbəllütariq böhranına son qoymaq üçün razılaşma əldə edib.
- Böyük Britaniyanı artıq qeyd elədim və məncə, onun da daxil olacağı qütbün sərhədləri London-Ankara-Madrid formatı ilə məhdudlaşmayacaq. Yəqin ki, yaxın zamanlarda biz bu formatda İsrail və bir sıra ərəb ölkələrini də görə biləcəyik. Həmin formatın digər mühüm iştirakçısı isə ABŞ ola bilər. Digər tərəfdən də artıq Çin-Rusiya-İran əməkdaşlığı inkişaf etməkdədir. Çox güman ki, əsas geosiyasi mübarizə də elə bu iki qütb arasında və Yaxın Şərqdə dominantlıq uğrunda gedəcək. Hər bir halda, ABŞ-ın iştirakı olmadan Çin-Rusiya-İran üçlüyünə qarşı çıxmaq mümkünsüz görünür. Ən azı maliyyə imkanları baxımından. Məsələn, təkcə Çin öz qlobal iddialarını reallaşdırmaq məqsədilə yaxın 20-30 il üçün 1 trilyon dollar ayırmağı nəzərdə tutur. Buna qarşı qoyulacaq maliyyə imkanları isə yalnız ABŞ-da ola bilər.
- İran rəsmən açıqladı ki, uranı 20 faiz zənginləşdirəcək, artıq ilk nəticələr əldə edilib. ABŞ başda olmaqla, Qərb dövlətlərinin əksəriyyəti buna etiraz etdi. Bu, Qərbdə beynəlxalq nüvə anlaşmasının pozulması və İranın nüvə silahı əldə etmək yolunda atılmış addım kimi qəbul edilir. Sizcə, “qırmızı xətt”i keçən İrana qarşı hansı addımlar atıla bilər?
- İranın da daxil olduğu üçlükdə Tehran ən zəif bənddir və Tramp administrasiyasının İranın nüvə proqramına dair beynəlxalq sazişdən çıxması Tehranın öz nüvə proqramını sürətləndirməsinə əsas verdi. Amma düşünürəm ki, İranın nüvə silahı əldə etməsinə qarşı çıxan təkcə Qərb ölkələri və İsrail deyil. Bura Ərəbistan yarımadası ölkələrini də əlavə etsək yanılmarıq. Digər tərəfdən də elə İranla müttəfiqliyi inkişaf etdirməyə çalışan Rusiyanın özünün də sərhədlərində yeni nüvə dövlətinin olmasını arzulamağı inandırıcı görünmür. Bu isə o deməkdir ki, İranın “nüvə düyünü” düşündüyümüzdən daha mürəkkəb ola bilər.
Odur ki, mən İran ətrafında gərginliyin artacağını istisna etməzdim, özü də burada söhbət yaxın onilliklərdən deyil, illərdən və hətta ola bilsin ki, aylardan gedə bilər. Tehranın bir sıra məsələlərdə ehtiyatlı davranışı da buna işarədir. Belə görünür ki, İran nüvə proqramında nəticə əldə etmədən hansısa kəskin addımlar atmağın riskli olduğunu nəzərə alır. Ona görə də nüvə proqramının inkişafı onun siyasətinin əsas prioritetidir.
- Ərəb ölkələrindən sonra İsrail və Türkiyə arasında da yaxınlaşma meylləri hiss olunur. Ankara və Təl-Əvivdən verilən son açıqlamalarda da, kifayət qədər isti mesajlar var. Bu yaxınlaşma hansı zərurətdən irəli gəlir?
- İlk növbədə kollektiv təhlükəsizliyin və regional iqtisadi maraqların təmin olunması zərurətindən. Əgər bir tərəfdən Rusiya, digər tərəfdən isə Çin Yaxın Şərqə can atırsa və onların hər ikisinin bölgədəki əsas tərəfdaşı kimi İran çıxış edəcəksə, bu, İsrail üçün həyati əhəmiyyət kəsb etməyə başlayır. Başqa sözlə, bu halda İsrail öz mövcudluğunu necə qoruyub saxlamaq haqqında düşünməlidir. Eyni səbəbdən də, yəni, Tehranı özləri üçün təhlükə mənbəyi gördüklərindən qeyd etdiyiniz ərəb ölkələri də müttəfiq axtarmağa məcburdular.
Bölgədə əsas güc mərkəzi isə NATO-da ikinci orduya malik olan Türkiyədir. Bu da öz növbəsində Ankaranın regional güc kimi çıxış etmək maraqları ilə üst-üstə düşür. Burdan belə güman etmək olar ki, qeyd etdiyiniz ölkələr arasında təkcə siyasi-diplomatik deyil, həm də iqtisadi və hərbi əməkdaşlıq da genişlənəcək. ABŞ-Türkiyə münasibətlərində mövcud olan bir sıra ziddiyyətləri nəzərə almasaq, bu ölkələrin hamısı Vaşinqton ilə müttəffiqlik münasibətindədir. Deməli, Vaşinqtonun da Yaxın Şərqdə aktivliyi bu və ya digər şəkildə artacaq. Bura Londonu da əlavə etdikdə isə yuxarıda qeyd etdiyimiz format tamamlanacaq.
- Son günlər dünyanın bir sıra nüfuzlu nəşrləri Türkiyə lideri Ərdoğanın “Böyük Turan” projesindən söz açırlar, xüsusən də rusiyalı siyasətçilərin dilindən bunu tez-tez eşidirik. Türkiyənin Azərbaycan, Qazaxıstan və digər türk respublikalarındakı fəallığı bununla bağlıdırmı?
- Türkdilli ölkələr arasında müxtəlif sahələri əhatə edən əməkdaşlıq həmişə olub. Həmin əməkdaşlığın intensivləşməsini “Böyük Turan” yaradılması kimi təqdim eləmək isə sağlam təxəyyülün məhsulu deyil. Rusiyada belə iddialar süni şəkildə qabardılır və əslində nə qədər təəccüblü görünsə də, türkdilli ölkələrin daha da yaxınlaşmasına Ankaradan daha çox Moskva təkan verir. Keçmiş sovet respublikalarına öz quberniyası kimi baxan Rusiyanın suverenliklərinə yaratdığı təhdidlər həmin ölkələri Türkiyəyə daha da yaxınlaşmağa sövq edir.
Qazaxstana qarşı ərazi iddiaları, Azərbycana qarşı Ermənistandan istifadə və bu kimi bir sıra qeyri-rasional yanaşmalar Rusiyanın özü üçün bumeranq effekti verməyə başlayır. Digər tərəfdən Rusiya ekspansiyasından qorunmaq üçün Ukrayna, Gürcüstan və Moldova kimi ölkələr də Türkiyəyə ümidlə baxırlar ki, onları da “Böyük Turana” aid etmək yalnız çox böyük fantaziya olardı. Sadəcə Rusiyadan qorunmaq istəyən əksər keçmiş sovet ölkəsi Türkiyəyə ümidlə baxır. Belə ümidlərin xüsusilə Azərbaycanın öz torpaqlarını işğaldan azad etməsinə Ankaranın dəstəyindən sonra artması tamamilə təbiidir.
- Ermənistan və Azərbaycan arasında müharibə dayandırıldıqdan sonra bölgədə maraqlı gəlişmələr baş verir. Sizcə, Türkiyə hazırda bir geosiyasi oyunçu kimi bölgədəki proseslərə nə qədər təsir edə bilir? Xüsusən də müharibədən sonrakı dövrdə…
- Rusiyanın müharibədən istifadə edərək bölgəyə öz silahlı qüvvələrini yerləşdirməsinin əsas səbəblərindən biri də Türkiyəni Cənubi Qafqaza buraxmamaq idi. Moskva elə bu gün də həmin səylərini davam etdirir, amma düşünürəm ki, Rusiyanın təhdidlər üzərində qurulmuş siyasəti burda da kontrproduktiv olacaq. Nəticədə nəinki Azərbaycan, hətta Gürcüstan da Rusiya təhdidlərindən qorunmaq məqsədilə Ankara ilə daha sıx əlaqələr qurmalı olacaq. O cümlədən də hərbi əlaqələr. Yaxın gələcəkdə isə Ankara-İrəvan münasibətlərində də müsbət tendensiyalar görünə bilər. Bunu yuxarıda qeyd etdiyim yaranmaqda olan geosiyasi reallıqlar diktə edə bilər.
Türkiyə isə artıq bölgədədir, onun Rusiya ilə necə rəqbət aparmaq barədə Suriya və Liviyadan yetərli təcrübəsi var və ən başlıcası da, bir çox rusiyalı hərbi ekspertlərinin də etiraf etdiyi kimi, nüvə silahı nəzərə alınmazsa, Türkiyə ordusu Rusiya ordusundan güclüdür.
- Ukrayna və Moldovadan sonra Estoniya da Rusiyadan öz torpaqlarını tələb edir, bura ərazilərinin bir hissəsi işğalda olan Gürcüstan da daxildir. Keçmiş sovet məkanında Rusiyaya qarşı baş qaldırmış bu etirazları nə ilə əlaqələndirmək olar, niyə bu tələblər məhz indi gəlməyə başlayıb? Rusiya öz gücünü itirir, yoxsa daha da aqressivləşir deyə, bunlar baş verir?
- Nə qədər təəccüblü görünsə də deyərdim ki, hər iki səbəbdən. Bunların hamısı Rusiyanın postsovet ölkələrə qarşı yürütdüyü yeni imperiya siyasətinin fəsadlarıdır və Rusiya təhdidləri artırdıqca ona qarşı addımlar da güclənəcək. Moskvada bir müddət pərdəarxası gedən hakimiyyətdaxili mübarizənin ilk qaranquşları görünməyə başlayır. Hələlik “kompromatlar”, yəni, ifşaedici materiallar şəklində, amma bunlar aysberqin görünən çox kiçik hissəsidir. Bu səbəbdən də prezident Putin diqqəti daha çox ölkənin xaricinə yönəltməyə və xarici siyasətdə uğur qazanmağa yönəldir.
Amma dünyanın böyük dəyişikliklər mərhələsində olması Rusiyadan qorunmağa çalışan yeni müstəqil dövlətlərə tərəfdaş seçimində daha geniş imkanlar yaradır. Məsələn, 10 və hətta elə 5 il əvvəl postsovet məkanda Türkiyə yox idi, bu gün isə var. Başqa bir tərəfdən postsovet ölkələrdə də artıq siyasi sistem formalaşıb və həm Moskvadakı daxili savaşdan, həm də özlərinə basqının əsas səbəbinin həmin savaşın olmasından xəbərdardılar. Bu isə Moskvanın təsir imkanlarını əvvəlki dövrlə müqayisədə xeyli məhdudlaşdırır.
Odur ki, dünən “böyük qardaş” qarşısında itaətkarlıq nümayiş etdirənlər bu gün artıq hücumla müdafiə taktikasına əl atırlar. ABŞ-da administrasiya dəyişəndən sonra bu tendensiyalar daha da güclənə bilər. Elə buna görə də Moskvada çox tələsirlər.
Teleqraf.com

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də