Bir neçə gündür ölkə ərazisində qeyri-sabit hava hökm sürür. Milli Hidrometeorologiya Xidmətinin bu gün səhər saatlarında verdiyi məlumata görə, rayon və şəhərlərdə arabir leysan xarakterli yağış yağıb.
İntensiv və güclü yağışlar ölkənin müxtəlif bölgələrində ciddi fəsadlar törədib.
Yağışa görə Bakının bir çox küçəsində sıxlıq olub, nəqliyyatın hərəkətində məhdudiyyət yaranıb. Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin məlumatına görə, paytaxtın 16 küçə və prospektində avtomobillər tıxacda qalıb. Külək Bakıda və Abşeron yarımadasında arabir 25-27 m/s-dək güclənib, Xəzərdə dalğanın hündürlüyü 4.6 metrə çatıb. Düşən yağıntının miqdarı Bakı və Maştağada 5, Sumqayıtda 4, Binə və Pirallahıda 2 mm-dək olub.
Milli Hidrometeorologiya Xidməti bildirib ki, Astaraya 121 (aylıq normanın 61%-i) , Balakənə 111 (aylıq normanın 131%-i), Zaqataladya (aylıq normanın 112%-i) 95, Qaxa (aylıq normanın 38%-i) 45 mm yağıntı düşüb. Zaqatalada 100-dən çox evin həyətyanı sahəsinə, zirzəmi və birinci mərtəbəsinə sel suları dolub, dörd körpü yarasız hala düşüb.