Hər il sentyabrın üçüncü şənbə günü dünyanın bir çox ölkəsində əraziləri zibildən təmizləmək və davamlı təmizliyi qorumaq üçün geniş ictimaiyyətin, medianın, dövlət və biznes strukturlarının səylərini birləşdirmək məqsədilə Ümumdünya Təmizlik Günü - ekoloji kampaniyası keçirilir.
Bu aksiya öz başlanğıcını 2008-ci ildə Estoniyada keçirilən “Gəlin bunu edək!” hərəkatından götürüb. Belə ki, həmin il 50 min könüllü 5 saat ərzində ölkəni utilizasiya və təkrar emala göndərilən 10 min ton zibildən təmizləyib. Bir neçə il sonra aparılan monitorinqlər göstərdi ki, kütləvi təmizləmədən sonra ərazilərin çirklənməsi 75 faiz azalıb. Həmin uğurlu təcrübə digər ölkələri də ruhlandırdı. 2018-ci ildə bu ekoloji tədbir ilk dəfə olaraq 158 ölkədə eyni gündə keçirildi. O vaxtdan bəri hər il sentyabrın üçüncü şənbə günü Ümumdünya Təmizlik Günü qeyd edilir.