Məlum olduğu kimi, sentyabrın 9-da Ermənistanın baş naziri Nikol Paşinyan ABŞ dövlət katibi, Almaniya kansleri, Fransa və İran prezidentləri, Gürcüstanın baş naziri ilə telefon danışığı aparıb. O, həmin danışıqlarda Ermənistan-Azərbaycan sərhədində gərginliyin artmasından bəhs edib, liderlərdən prezident İlham Əliyevlə təcili danışıq aparılmasına vasitəçi olmağı xahiş edib.
Paşinyanın həmin gün Rusiya prezidenti Vladimir Putinə niyə zəng etmədiyi Ermənistan KİV-lərində əsas mövzu olub və ictimai müzakirələrdə baş nazir tənqid hədəfi seçilib.
Bundan sonra Paşinyan açıqlama verməyə məcbur oldu. O, Putinlə daim təmasda olduğunu, Rusiya prezidentinin onsuz da Ermənistan və Qarabağ ətrafındakı vəziyyəti yaxşı bildiyini qeyd edib.
Hökumətdəki mənbələrdən isə “Hraparak”a bildirilib ki, əslində Paşinyan həmin gün Putinə də zəng edib, lakin Kremldən ona cavab verilməyib. Bundan sonra o, Rusiya prezidentinə geniş məktub göndərib.
Hakimiyyətə yaxın mənbə deyib ki, həmin məktubda Nikol Paşinyan Ermənistanda tüğyan edən anti-Rusiya prosesləri ilə bağlı özünə haqq qazandırmağa çalışıb.
Qəzet yazır ki, 9 sentyabrdan sonra Paşinyan Rusiya Federasiyası ilə bağlı mövqeyini yumşaltmağa çalışır.