İstanbulda Türkiyə və Gürcüstanın Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələr aparılıb.
Bu barədə Gürcüstanın Xarici İşlər Nazirliyi məlumat yayıb.
Nümayəndə heyətlərinə Gürcüstan xarici işlər nazirinin birinci müavini Laşa Darsaliya və Türkiyə xarici işlər nazirinin müavini Burak Akçapar başçılıq ediblər.
Məsləhətləşmələr zamanı tərəflər Gürcüstan ilə Türkiyə arasında mövcud strateji tərəfdaşlığı və fəal ikitərəfli əməkdaşlığı müsbət qiymətləndirib, yüksək səviyyəli səfərlərin həyata keçirilməsinin vacibliyini vurğulayıblar. Türkiyə tərəfi Gürcüstanın ərazi bütövlüyü və suverenliyinə, həmçinin NATO-ya inteqrasiyasına bir daha güclü dəstəyini ifadə edib.
Görüşdə Gürcüstanın işğal olunmuş ərazilərindəki vəziyyət müzakirə olunub. Həmin ərazilərdə təhlükəsizlik problemləri və ağır humanitar vəziyyət barədə qarşı tərəfə ətraflı məlumat verib. Bundan əlavə, regiondakı mövcud problemlər və onların həlli yollarına da diqqət yetirilib. Regional sabitliyin və sülhün təşviqində Gürcüstan və Türkiyənin rolu nəzərdən keçirilib.
Eyni zamanda, Gürcüstan və Türkiyə arasında ticari-iqtisadi əməkdaşlığın dərinləşdirilməsi və investisiyaların cəlb edilməsi perspektivləri vurğulanıb. Mövcud proseslər nəzərə alınmaqla, çoxtərəfli əməkdaşlığın, mühüm birgə regional layihələrin həyata keçirilməsinin vacibliyi və iki ölkənin tranzit-nəqliyyat potensialından tam istifadə edilməsinin zəruriliyi qeyd olunub.