Qarabağda Meşəli soyqırımına görə Laçın sərhəd-keçid məntəqəsində saxlanılan 68 yaşlı Vaqif Xaçaturyan Bakıdan ailə üzvlərinə məktub göndərib.
Bu barədə onun qızı Sovinar Xaçaturyan Ermənistan KİV-nə bildirib.
O deyib ki, atası ailə üzvlərinə salam göndərərək sağlamlığından şikayətçi olmadığını, səhər – axşam dərman qəbul etdiyini yazıb.
“Qırmızı Xaç Komitəsinin nümayəndələri ayda bir dəfə atama baş çəkirlər”, - S.Xaçaturyan bildirib.
Xatırladaq ki, Vaqif Xaçaturyan erməni hərbi birləşmələrinin tərkibində 1991-ci ilin 22 dekabr tarixində Xocalı rayonunun Meşəli kəndində azərbaycanlılara qarşı kütləvi qırğın törədib.
Qırğın zamanı 25 azərbaycanlı öldürülüb, 14 nəfər yaralanıb, 358 nəfər azərbaycanlı isə didərgin salınıb. Qeyd edilən kütləvi qırğın ilə əlaqədar aparılan cinayət işi üzrə Xaçaturyan Vaqif Çerkezoviçin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 103 (soyqırımı) və 107-ci (əhalini deportasiya etmə və ya məcburi köçürmə) maddələrilə təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb olunması barədə qərar qəbul edilib.
Onun barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
V.Xaçaturyan iyulun 29-da Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyi ilə müalicə almaq adı altında Ermənistana getmək istəyərkən Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Laçın sərhəd-keçid məntəqəsində saxlanılıb.