"Otuz ilə yaxın müddət ərzində işğal altında qalmış Qubadlı və Zəngilan rayonlarında da məzarlıqların aşkarlanması faktı Ermənistan tərəfindən azərbaycanlı əsir, girov və itkin düşmüş şəxslərə qarşı törədilmiş amansız cinayətlərin miqyasının genişliyini göstərir".
Bunu Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Qubadlı və Zəngilanda insan qalıqlarının aşkar olunması ilə bağlı şərhində deyib.
Onun sözlərinə görə, Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş şəxslərə aid olduğu ehtimal olunan növbəti insan qalıqları Qubadlı rayonunun Məlikəhmədli və Zəngilan rayonunun Vejnəli kəndlərində aşkarlanaraq ekshumasiya edilib. Müvafiq orqanlar tərəfindən aidiyyəti tədbirlər görülərək onların şəxsiyyətinin müəyyən edilməsi üzrə işlər aparılacaqdır.