Birinci Qarabağ müharibəsi zamanı döyüşlərdə itkin düşmüş daha bir hərbçimiz dəfn edilib. Hüseynov Əli Heydər oğlunun qalıqları Füzuli rayonunun Aşağı Yağlıvənd kəndində ata-anasının məzarlarının yanında torpağa tapşırılıb.
Əli Hüseynov 1968-ci il avqust ayında Füzuli rayonunun Yağlıvənd kəndində anadan olub. 6 avqust 1993-cü ildə itkin düşüb. Ötən illər ərzində isə ailəsi ondan heç bir xəbər ala bilməyib. Hüseynov Əli Heydər oğlunun nəşinin qalıqları keçən il Xocavənd rayonunun Edilli kəndi ərazisində tapılan 12 şəxsin basdırıldığı üçüncü kütləvi məzarlıqda aşkar edilib. Onun kimliyi bu yaxınlarda müəyyən olunub. İtkin düşdüyü gündən ata-anası onun yolunu gözləyib və hər ikisi oğul həsrəti ilə dünyasını dəyişib.
Şəhidimizin qardaşı Müşfiq Hüseynov açıqlama verib. O, keçən illərin onlar üçün necə çətin olduğundan danışıb.
“Avqustun 15-i mənə zəng etmişdilər, 2 gün sonra da rəsmi olaraq brifinqdə elan etdilər. Həm yaxşı, həm də pis xəbərdir. Yaxşıdır, ona görə ki, bilindi, məzarı oldu. Pis odur ki, fikirləşirdik ki, sağ-salamatdır", - o deyib.
Şəhidimizin qardaşı deyir ki, Əli Hüseynov döyüşə gedəndə 25 yaşında və subay idi.
"Onsuz keçən illər çox çətin idi, heç üzmüz gülmədi. Anam 2009-cu ildə onun yolunu gözləyə-gözləyə rəhmətə getdi. 2014-cü ildə də atam vəfat etdi”, - o qeyd edib.