Yeni dərs ilinin başlamasına bir neçə gün qalıb. Artıq məktəb hazırlıqları yekunlaşmaq üzrədir. Ancaq sosial şəbəkələrdə yayılan məlumatlara görə, valideynlər məktəbli formaları tapmaqda çətinlik çəkir.
Sosial mediada mağazaların qarşısında sıxlıq yaranması barədə fotolar və məlumatlar yayılıb.
Bu, məktəbli formalarının çatışmazlığı barədə müzakirələrə səbəb olub. Bir neçə valideyn isə məktəbli formalarının baha olmasından, digərləri isə formaların ölçülərinin olmamasından şikayət edir.
Məsələ ilə bağlı “Bakı Tikiş Evi” (BTE) ASC-nin satış üzrə müdiri Etibar Əzimov ilə ələqə saxladıq. O deyir ki, şəhərin, demək olar ki, bütün yerində mağazalar var.
"Elə də sıxlıq yoxdur. Məktəbin başlamasına 3-4 gün qalmış gələndə istər-istəməz sıxlıq olacaq. Biz il boyu işləyirik. Amma buraya 1 həftə qalmış gəlirlər. Bizim bütün məhsullarımızdan bütün ölçülərdə var. Heç bir çatışmazlıq yoxdur. Bütün mağazalarımız da istirahət günü, nahar fasilə olmadan, gecə-gündüz işləyirlər. Bu da 15-nə kimi olacaq. Çalışırıq ki, sıxlıq olmasın. Bu gün ayın 12-dir. İki gün qalıb. Valideynlər bu günlərdə gəlirlərsə, sıxlığın yaranması normaldır”, - o deyib.