2023-cü il avqustun 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1706,5 min nəfər olub, onlardan 891,7 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 814,8 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.
Bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Muzdla işləyənlərin 19%-i təhsil, 18,7 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 12,8%-i sənaye, 8,5%-i əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 6,5%-i dövlət idarəetməsi və müdafiə; sosial təminat, 6,4%-i tikinti, 4,3%-i nəqliyyat və anbar təsərrüfatı, 3,7%-i peşə, elmi və texniki fəaliyyət, 3,5%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,1%-i maliyyə və sığorta fəaliyyəti, 14,5%-i isə iqtisadiyyatın digər sahələrində məşğul olublar.
2023-cü ilin yanvar-iyul aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 11,3% artaraq 925,3 manat olub. İqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, eləcə də informasiya və rabitə sahələrində orta aylıq nominal əməkhaqqı daha yüksək olub.