Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Hansı ölkələr və beynəlxalq təşkilatlar Qarabağdakı “seçkilər”i tanımadı... - ARAŞDIRMA

Hansı ölkələr və beynəlxalq təşkilatlar Qarabağdakı “seçkilər”i tanımadı... - ARAŞDIRMA


Azərbaycanın Qarabağ iqtisadi rayonunda məskunlaşmış erməni separatçıları sentyabrın 9-da Xankəndidəki qondarma “parlament”də “prezident seçkiləri” keçiriblər. “Növbədənkənar iclasda” gizli səsvermə yolu ilə Samvel Şahramanyan qondarma rejimin yeni başçısı "seçilib". 

 Azərbaycan Respublikasının Qarabağ bölgəsində Ermənistanın işğalı nəticəsində yaradılmış qondarma rejimin “prezident seçkiləri” adı altında apardığı qanunsuz fəaliyyət Azərbaycan Respublikasının Konstitusiyası, qanunları və beynəlxalq hüququn norma və prinsiplərinin kobud şəkildə pozulmasıdır.

 Qondarma rejimin keçirdiyi seçkilər təkcə ölkəmizdə deyil, beynəlxalq qurum və rəsmi orqanlar tərəfindən də qəbul edilməyib.

Keçirilən qondarma "seçkisi" ilə bağlı beynəlxalq reaksiyanı araşdırıb.

 Qarabağda seçkilərə ilk reaksiya verən Türkiyənin Xarici İşlər Nazirliyi idi.

 Nazirliyin məlumatında bildirilib ki, Azərbaycanın Qarabağ bölgəsində qa­nunsuz erməni qüvvələrinin nəzarətində olan torpaqlarda keçirilən seçkilər region­da beynəlxalq hüquqa zidd olan mövcud vəziyyəti birtərəfli qaydada legitimləşdir­mək cəhdlərinin yeni təzahürüdür:

 “Bu addım beynəlxalq hüququn, o cümlədən BMT Təhlükəsizlik Şurasının qətnamələ­rinin və ATƏT-in prinsiplərinin açıq şəkil­də pozulmasıdır.

 Azərbaycanla Ermənistan arasında sülh danışıqlarının davam etdirilməsinə çalışıldığı bir vaxtda keçirilən seçkiləri sülh danışıqlarına xələl gətirmək cəhdi kimi qəbul edir və pisləyirik. Türkiyə Azərbaycanın suverenliyi və ərazi bütövlüyünün pozulmasını təşkil edən bu qeyri-legitim seçkini tanımır. Biz BMT və beynəlxalq ictimaiyyəti bu seç­kiləri tanımamağa çağırırıq. Türkiyə Azərbaycan və Ermənis­tan arasında sülh danışıqları prosesini dəstəkləyir və ən qısa zamanda daimi sülh sazişinin imzalanmasının regionun sülh və sabitliyinə böyük töhfə verəcəyinə inanır”.

 Ukrayna Xarici İşlər Nazirliyi də sentyabrın 9-da Azərbaycanın Qarabağ ərazisində keçirilmiş qondarma “prezident seçkiləri”ni pisləyib. Qeyd edilib ki, bu qondarma “seçkiləri”n keçirilməsi beynəlxalq hüququn norma və prinsiplərinə ziddir və nəticələri etibarsızdır:

 “Ukrayna bir daha Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində suverenliyi və ərazi bütövlüyünü dəstəklədiyini bildirir”.

 Moldova XİN isə Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində suverenliyi və ərazi bütövlüyünə qəti dəstəyini bir daha vurğulayıb.

 "Moldova Respublikası bu gün, sentyabrın 9-da Qarabağ bölgəsində keçirilən qondarma “prezident seçkiləri”nin beynəlxalq hüququn norma və fundamental prinsiplərinə zidd olduğunu nəzərə alaraq onu tanımır”,-deyə bəyanatda qeyd edilib.

 Pakistanın Xarici İşlər Nazirliyi Azərbaycanın Qarabağ bölgəsindəki "seçkilər"i pisləyib.

 “Pakistan Qarabağı Azərbaycan Respublikasının suveren ərazisi hesab edir və qeyri-qanuni qurulmuş rejimin qondarma "seçkilər" keçirmək cəhdi hüquqi və mənəvi cəhətdən pislənilir. Belə cəhd həm də BMT Nizamnaməsinin və mövcud beynəlxalq hüququn prinsiplərinin kobud şəkildə pozulmasıdır”, - deyərək Pakistanın Xarici İşlər Nazirliyi Azərbaycanın Qarabağ bölgəsindəki "seçkilər"i qınayıb.

 ABŞ Dövlət Departamenti “seçkilərlə” bağlı Qarabağı müstəqil və suveren ölkə kimi tanımadığını bildirib.  

ABŞ Dövlət Departamentinin mətbuat katibi Metyu Miller "prezident seçkiləri"ni tanımadığını qeyd edib: "Biz ötən həftə də bəyan etdik ki, Qarabağı müstəqil və suveren ölkə kimi və eyni zamanda burada keçirilən qondarma "prezident seçkiləri"ni tanımırıq.  ABŞ dövlət katibi Entoni Blinken regionda vəziyyətlə bağlı şəxsən tərəflərlə işləyir. Siz görə bilərsiniz ki, həftə sonu cənab Blinken xarici ölkələrdə səfərdə olarkən belə - Hanoyda və Yeni Dehlidə, Azərbaycan və Ermənistan rəhbərləri ilə əlaqə saxlayıb. O, tərəfləri gərgilik yaradacaq addımlardan çəkinməyə, dialoqa çağırıb. Rəsmi Bakı ilə İrəvan arasında dialoq vacibdir. ABŞ Azərbaycan və Ermənistan arasında həll olunmamış məslələrin həlli istiqamətində səyləri, birbaşa dialoqu davamlı şəkildə dəstəkləyir".

 

Türk Dövlətləri Təşkilatının Katibliyi də Azərbaycan Respublikasının ərazisində qanunsuz separatçı rejim tərəfindən keçirilən qondarma “prezident seçkiləri” ilə bağlı bəyanat yayıb.

 

Təşkilatın rəsmi saytındakı bəyanatda deyilir: “Türk Dövlətləri Təşkilatının Baş katibi 2023-cü il sentyabrın 9-da Azərbaycan Respublikasının Qarabağ bölgəsində Ermənistanın yaratdığı qanunsuz rejim tərəfindən təşkil edilən qondarma “prezident seçkiləri” ilə bağlı dərin narahatlığını ifadə edir.

 

Biz regionda sülh və sabitliyə xələl gətirən bu təxribatçı hərəkəti beynəlxalq hüququn, eləcə də Azərbaycan Konstitusiyasının və qanunlarının kobud şəkildə pozulması kimi qətiyyətlə pisləyirik. Eyni zamanda, biz Azərbaycanın Qarabağ bölgəsinin erməni sakinlərinin öz konstitusiya sisteminə yenidən inteqrasiyası istiqamətində səylərini yüksək qiymətləndiririk.

 

Baş katib Qarabağ bölgəsinin Azərbaycanın və Türk dünyasının bir hissəsi olduğunu bir daha vurğulayır və buna görə də Azərbaycan və Ermənistan arasında normallaşma prosesinə mane ola biləcək hər hansı hərəkətlərdən çəkinməyə və konstruktiv dialoqa çağırır.

 

“9 sentyabr 2023-cü il tarixində Xankəndidə keçirilən qondarma “pre­zident seçkiləri”ni nəzərə alaraq, Av­ropa İttifaqı bir daha bəyan edir ki, o, "seçkinin" keçirildiyi konstitusiya və hüquqi çərçivəni tanımır”.

 

Bunu isə Aİ-nin Xarici Fəaliyyət Xidməti­nin Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə sözçüsü Nabila Massrali bildirib. 

 

“Eyni zamanda, Aİ hesab edir ki, Qa­rabağ ermənilərinin Bakı ilə nəticəyönüm­lü müzakirələr aparmağa qadir və buna hazır olan de-fakto liderlik ətrafında cəm­ləşməsi vacibdir. Aİ bu prosesi dəstək­ləməyə sadiqdir” – o, qeyd edib.

 

Britaniyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Fergus Auld da İngiltərənin seçkilərə münasibətini bildirib.

 

“Böyük Britaniya sentyabrın 9-da Qarabağda keçirilən qondarma “prezident seçkiləri”ni tanımır. Biz beynəlxalq hüququn prinsip və normalarının əhəmiyyətini vurğulayaraq, Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü dəstəkləyirik”, - deyə səfir qeyd edib.

 

Macarıstan Azərbaycanın ərazi bütövlüyünə hörmətlə yanaşır, buna görə də biz Qarabağdakı qondarma “prezident seçkilərini” qeyri-legitim hesab edir. Bu barədə Macarıstan Xarici İşlər Nazirliyi mətbuat xidmətinin rəhbəri Mate Patsolay sentyabrın 11-də bildirib. "Münaqişənin mümkün qədər tez bir zamanda sülh yolu ilə nizamlanmasına çağırırıq", - açıqlamada deyilir.

 

Bolqarıstan-Azərbaycan parlamentlərarası dostluq qrupu 9 sentyabr 2023-cü il tarixində Azərbaycan Respublikasının Qarabağ bölgəsində keçirilmiş qondarma “seçkiləri” tanımır. Bu barədə dostluq qrupunun sədri Həmid Bari Həmid özünün "X" hesabında yazıb. O bildirib ki, qondarma "seçkilər" beynəlxalq hüququn fundamental norma və prinsiplərinə zidddir. "Biz dostluq qrupunun üzvləri Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində suverenliyi və ərazi bütövlüyünə güclü dəstəyimizi bildiririk", - deputat qeyd edib.

 

Rumıniya Xarici İşlər Nazirliyi də bəyanatla çıxış edib. Bəyanatda bildirilir ki, Rumıniyanın Xarici İşlər Nazirliyi Qarabağ bölgəsində keçirilən qondarma “prezident seçkiləri”ni tanımır. XİN Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində suverenliyi və ərazi bütövlüyünü tam dəstəklədiyini bir daha bəyan edir və regiondakı bütün məsələlərin beynəlxalq hüququn prinsiplərinə uyğun olaraq siyasi yolla həllinin tərəfdarıdır.

 

"Özbəkistan Respublikası dost Azərbaycan Respublikasının suverenliyini və ərazi bütövlüyünü qətiyyətlə dəstəkləyir, onun daxili işlərinə hər hansı müdaxiləni pisləyir və 9 sentyabr 2023-cü ildə Qarabağda keçirilmiş qondarma "prezident seçkilərini" tanımır", - ölkənin Xarici İşlər Nazirliyinin sosial media hesabında bildirilib.

 

Gürcüstan Xarici İşlər Nazirliyi Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyünü dəstəklədiyini bəyan edib.

 

İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki separatçıların keçirdiyi qondarma “seçkilər”i tanımadığını bəyan edib və dünya ictimaiyyətini Ermənistanın destruktiv addımlar atmasının qarşısını almaq üçün effektiv tədbirlər görməyə çağırıb.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də